Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumatda qeyd olunub.
Nazirliyin Pakistan və Hindistan arasında yaşanan son hadisələrlə bağlı yaydığı bəyanatında bildirilib ki, Türkiyə Pakistan və Hindistan arasında baş verən hadisələri narahatlıqla izləyir:
“Mayın 6-da Hindistanın hücumu hərtərəfli müharibə riski yaradıb. Biz mülki şəxsləri və mülki infrastrukturu hədəf alan bu cür təxribatçı addımları və hücumları pisləyirik”.
Vəziyyətin sürətlə pisləşməsindən dərin narahatlığını ifadə edən Türkiyə gərginliyin azaldılması və gələcək qarşıdurmaların qarşısının alınması üçün təcili tədbirlər görməyə çağırıb. Nazirlik gələcəkdə belə halların qarşısının alınması üçün xüsusilə terrorla mübarizə sahəsində zəruri mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb.
“Pakistanın aprelin 22-də baş vermiş terror aktının araşdırılması çağırışını dəstəkləyirik”, - bəyanatda qeyd edilib.
İki nüvə dövləti arasında artan gərginlik
Qeyd edək ki, ciddi gərginlik nəticəsində Hindistan Pakistan və Pakistanın idarə etdiyi Kəşmirdə altı fərqli nöqtəyə hücum etdi. Pakistan rəsmilərinin bildirdiyinə görə, bu hücumlarda uşaqlar da daxil olmaqla mülki şəxslər həlak olub, məscidlərə ziyan dəyib.
Pakistan ordusunun bildirdiyinə görə, hədəf alınan ərazilər Bahavalpur, Muridke, Müzəffərabad, Kotli, Bağ və Əhmədpurun şərqi olub. Həyatını itirənlər arasında 3 yaşlı qız, 16 yaşlı qız və 18 yaşlı oğlanın olduğu bildirilib. Onlarla insan yaralanıb, iki nəfər hələ də itkindir.
General-leytenant Əhməd Şərif Çaudri bildirib ki, müxtəlif silahlarla 24 zərbə qeydə alınıb və əhalinin sıx məskunlaşdığı ərazilər və dini obyektlər vurulub. Pakistan buna cavab olaraq Hindistanın beş döyüş təyyarəsini və bir neçə pilotsuz təyyarəni vurduğunu iddia edib.