İsrail kəşfiyyatının rəsmisi NBC telekanalına İranın raket imkanları barədə məlumat verib. Rəsminin məlumatına görə, İran Tel-Əvivin müdafiəsi zəiflədikcə daha sürətli və dəqiq silahlar yerləşdirir.
Keçmiş İsrail kəşfiyyat rəsmisi "NBC News" telekanılana deyib ki, İran İsrailin hücumlarında yüksək səviyyəli komandirlərini itirməsinə baxmayaraq, cavab zərbələrini davam etdirmək gücünə və raket ehtiyatına malikdir.
"NBC News" kanalının kim olduğunu açıqlamadığı rəsmi Tehranın mövqeyini “strateji səbir” kimi qiymətləndirib və İran hökumətinin dağılmaq üzrə olduğu iddialarına qarşı xəbərdarlıq edib.
Rəsmi "Tehran hücumlarını davam etdirmək əzmi və bacarığına malikdir. Son gün ərzində İranın raket buraxılışlarının sürətinin artması raketlərin nəzərdə tutulan hədəflərə çatması üçün lazım olan vaxtı qısaldıb və İsrailə hazırlıq üçün daha az vaxt buraxıb. İsrailin raket əleyhinə müdafiə sistemləri ötən 24 saat ərzində İran raketlərinin yalnız 65 faizinin qarşısını alıb. Bu, bir neçə gün əvvəl 90 faiz idi" deyib.
Rəsmi İranın daha sürətli və daha inkişaf etmiş raketlər yerləşdirdiyini, İsrailin xəbərdarlıq vaxtını təxminən 10 dəqiqədən 6 dəqiqəyə endirdiyini və bu raketlərin daha dəqiq nişan almağa imkan verən təkmilləşdirilmiş istiqamətləndirmə sistemləri ilə təchiz edildiyini bildirib.
Rəsmi “Daha önəmlisi, iranlıların bu gün Beer-Şebadakı xəstəxana hadisəsində olduğu kimi, onlara çox dəqiq olmağa və hədəflərini dəqiq vurmağa imkan verən naviqasiya sistemi var” deyib.
Yeni raketlər və Vaşinqtonun gözlənilən addımları
İsrail ordusu bildirib ki, İran son hücumlarından birində çox başlıqlı raketdən istifadə edib və bu, onun hava hücumundan müdafiəsi üçün yeni problem yaradır.
Ordu Radiosu iki təhlükəsizlik mənbəsinə istinadən bildirib ki, Quş Danı vuran raket bir neçə kiçik raketdən ibarət olub.
Digər tərəfdən, “Maariv” qəzeti İranın “Şahab-3” raketindən daha böyük döyüş başlığı atmasından sonra İsrail ordusunun araşdırmaya başladığını yazıb.
Qəzetin yazdığına görə, İranın istifadə etdiyi "Xürrəmşəhr" raketi bir tondan çox partlayıcı daşıya bilir.
Hərbi gərginlik fonunda diqqətlər ABŞ-a yönəlib. Prezident Donald Tramp İsrailə hərbi dəstək verməklə bağlı yekun qərar vermədiyini bildirib.
"CBS News" bir mənbəyə istinadən xəbər verir ki, Tramp seçimlərinin məhdud olduğuna inanır və missiyanı başa çatdırmaq üçün İranın "Fordo" obyektinin məhv edilməsinin lazım gəldiyini düşünür.
Mənbənin bildirdiyinə görə, Trampın nəzərdən keçirdiyi ehtimallardan biri İrana bu obyekti təkbaşına sıradan çıxarmağa icazə verməkdir.
Məlumata görə, Tramp Tehranın nüvə proqramından əl çəkməyə razılıq verəcəyi ümidi ilə yekun qərarı gecikdirir.
İyunun 19-da Ağ Ev iddia etdi ki, İranın nüvə silahı hazırlamaq üçün "cəmi bir neçə həftəyə" ehtilacı var.
Bu iddia Tehranın nüvə silah istehsal etmədiyini bildirən Beynəlxalq Atom Enerjisi Agentliyinin və ABŞ kəşfiyyatının hesabatlarına ziddir.