Ticarət naziri Ömər Bolatın verdiyi məlumata görə, Türkiyənin ixracatı iyun ayında son bir ilin ortalamasına əsasən 267 milyard ABŞ dollarına çataraq bütün dövrlərin ən yüksək göstәricisi kimi qeydə alınıb. Bu nailiyyət ölkənin qlobal ticarətdə təsir gücünü artırmaq istiqamətində atdığı addımlar baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
İyulun 2-dә (bu gün) Türkiyə Ticarət Nazirliyi tərəfindən açıqlanan rəsmi məlumatlara əsasən, tәkcә iyun ayında ixracat illik müqayisədə 8 faiz artaraq 20,54 milyard dollar olub. Bu göstərici son bir il ərzində aylıq əsasda qeydə alınan ən kəskin artım hesab olunur.
Eyni dövrdə idxal isə 15,3 faiz artaraq 28,7 milyard dollara yüksəlib. Bu nəticə iyun ayında xarici ticarət balansında 8,17 milyard dollarlıq kəsir yaradaraq ixracat nisbətini 71,5 faiz səviyyəsində müəyyənlәşdirib.
2025-ci ilin ilk yarısında Türkiyənin ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 131,44 milyard dollara çatıb. İdxal isə illik müqayisədə 7,2 faiz artımla 180,87 milyard dollara yüksəlib.
Altı aylıq dövrdə ölkə 49,43 milyard dollarlıq ticarət kəsiri verib, ixracat-idxalat nisbəti isə 72,7 faiz olaraq qeydə alınıb.
Afrika ilə ticarət gücləndirilir
Rekord səviyyəli ticarət göstəriciləri Türkiyənin Afrika ölkələri ilə iqtisadi əlaqələrini yeni razılaşmalar vasitəsilə dərinləşdirdiyi bir dövrə təsadüf edir.
Bu həftə İstanbulda keçirilən “Qlobal Nəqliyyat Dəhlizləri Forumu” çərçivəsində Türkiyə Orta Dəhliz ticarət marşrutu ilə yeddi Afrika ölkəsini birləşdirmək üçün qarşılıqlı anlaşma sənədləri imzalayıb. Orta Dəhliz Çindən başlayaraq Orta Asiya və Türkiyə üzərindən Avropaya uzanan yeni Avrasiya ticarət xətti kimi diqqət çəkir.
Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu forum zamanı Burkina Faso, Konqo, Cibuti, Efiopiya, Qana, Qvineya, Mərakeş, Somali, Mavritaniya, Liberiya, Namibiya, Fil Dişi Sahili və Misirdən yüksək səviyyəli nümayəndələrin iştirak etdiyini bildirib. Forumda Afrikanın qlobal logistika və tranzit dəhlizlərinə inteqrasiyasına həsr olunmuş xüsusi sessiya təşkil olunub.
A.Uraloğlu vurğulayıb ki, bu tərəfdaşlıqlar tәkcә infrastrukturla məhdudlaşmır, eyni zamanda Türkiyə ilə Afrika qitəsi arasında davamlı ticarət və strateji əlaqələrin qurulmasını hədəfləyir. Nazir A. Uraloğlu hәmçinin, Afrika iqtisadiyyatının daha geniş tədarük zəncirlərinə daxil edilməsinin əhəmiyyətinə diqqət çəkib.