ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunun korrupsiya işi üzrə məhkəməsinin dayandırılmasını və ya onun əfv olunmasını istəyib. O, bu prosesi “cadugər ovu” adlandırıb.
İyunun 25-də rəsmi "Truth Social" hesabında paylaşım edən D.Tramp deyib: “İsrailin Baş nazirinə qarşı korrupsiya işi üzrə istintaq dayandırılmalı və ya 'Böyük qəhrəman' əfv edilməlidir. Benyamin Netanyahuya qarşı bu absurd kampaniyanın davam etdiyini eşidəndə şoka düşdüm. Mən ABŞ prezidenti ilə bu qədər səmərəli işləyə biləcək başqa bir lider tanımıram. ABŞ İranla son gərginlikdə İsraili müdafiə edib, indi isə Netanyahunu müdafiə etmək növbəsi İsrailindir.’’
ABŞ prezidenti Benyamin Netanyahunu ‘‘İsrailin ən cəsarətli lideri’’ adlandırıb.
Trampın şərhləri iki lider arasında münasibətlərin yaxşılaşmasının göstəricisi kimi qiymətləndirilir.
Əvvəllər tərəflər aralarında yaranan fikir ayrılıqlarının əsasən İsrailin Qəzzada törətdiyi soyqırım, İranla münasibətlər və digər regional məsələlərlə bağlı olduğu bildirilir. Analitiklər qeyd edirlər ki, bu gərginlik xüsusilə Trampın Yaxın Şərq səfəri zamanı İsrailə getməməsi ilə daha da aydın şəkildə özünü göstərdi.
Həmin səfərdən bir neçə gün əvvəl Tramp Yəməndəki husilərlə atəşkəs danışıqları aparmışdı. O, həmçinin "Həmas"la birbaşa əlaqələr qurduğunu təsdiqlədi. Trampın komandası ABŞ-İsrail vətəndaşının azad olunması müqabilində Qəzzaya təcili humanitar yardım göstərilməsinə razılıq verib.
Binyamin Netanyahunun rüşvətxorluq, fırıldaqçılıq və etimaddan sui-istifadə ittihamları ilə bağlı məhkəmə prosesi 2020-ci ildən davam edir. Bu məhkəmə Qəzzadakı soyqırım və Livandakı münaqişələr səbəbindən bir neçə dəfə təxirə salınıb.
İttihamların birincisində Netanyahu və həyat yoldaşı Sara Netanyahunun milyarderlərdən ümumilikdə 260 min dollar dəyərində dəbdəbəli hədiyyələr qəbul etdiyi bildirilir. Digər iki işdə isə onun İsrailin iki media qurumu ilə daha müsbət xəbərlərin yayılması üçün danışıqlar apardığı iddia olunur. Netanyahu isə bütün bu ittihamları rədd edir.
Netanyahu həmçinin hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdə ittiham olunur. Beynəlxalq Cinayət Məhkəməsi 2024-cü ilin noyabrında Qəzzada törədilən vəhşiliklərlə əlaqədar olaraq Netanyahu və sabiq müdafiə naziri Yoav Qallant barəsində həbs orderi verib.
Fələstinin rəsmi xəbər agentliyi ‘‘WAFA’’nın məlumatına görə, Qəzzada əksəriyyəti qadın və uşaqlar olmaqla 56 min nəfər həlak olub.
Təxminən 11.000 fələstinlinin hələ də dağıntılar altında qaldığı ehtimal olunur. Ekspertlər isə Qəzza rəsmilərinin təqdim etdiyi rəqəmlərin dəqiq olmaya biləcəyini və ölənlərin əsl sayının 200 minə yaxın ola biləcəyini bildirirlər.