Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedros Adhanom Qebreyesusun sözlərinə görə, saziş ictimai sağlamlıq, elm və çoxtərəfli fəaliyyət üçün qələbədir.
Birləşmiş Millətlər Təşkilatının səhiyyə agentliyi "Covid-19" böhranının səbəb olduğu üç ildən çox danışıqlardan sonra gələcək sağlamlıq böhranları ilə mübarizə üçün tarixi Pandemiya Sazişi qəbul etdi.
Bu saziş gələcək pandemiyalarda qlobal koordinasiya, nəzarət və peyvəndlərə çıxış imkanlarını təkmilləşdirməklə “Covid-19” pandemiyası zamanı yaşanan qeyri-mütəşəkkil reaksiyaların və beynəlxalq çaşqınlığın qarşısını almaq məqsədi daşıyır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərar qəbuledici orqanı olan illik Baş Assambleyası bu planı mayın 20-də Cenevrədəki mərkəzi qərargahında qəbul edib. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus səsvermədən sonra "Bu, tarixi bir gündür" deyib.
Razılaşmanın mətni ötən ay bir neçə raund gərgin danışıqlardan sonra yekdilliklə yekunlaşdırılıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın ölkəsini ÜST-dən çıxarmaq qərarından sonra Birləşmiş Ştatlar bu danışıqlardan çıxıb. Bu proses bir il çəkir.
Baş katib "Üzv dövlətlərimizin rəhbərliyi, əməkdaşlığı və öhdəliyi sayəsində dünya bu gün daha təhlükəsizdir. Bu saziş ictimai sağlamlıq, elm və çoxtərəfli fəaliyyət üçün qələbədir. Bu, bizə dünyanı gələcək pandemiya təhlükələrindən daha yaxşı qorumağa imkan verəcək" deyib.
Müqavilə həmçinin "beynəlxalq ictimaiyyətin, vətəndaşlarımızın, cəmiyyətlərimizin və iqtisadiyyatlarımızın "Covid-19" zamanı yaşananlar kimi itkilərə məruz qalmamalı olduğunu qəbul etdiyini" göstərir.
Təsdiq prosesi
Müqavilə daha yaxşı beynəlxalq koordinasiya və nəzarətə, peyvəndlərə və müalicələrə daha ədalətli çıxışa diqqət yetirməklə pandemiyaları daha yaxşı aşkar etmək və onlarla mübarizə aparmaq məqsədi daşıyır.
Danışıqlar "Covid-19" pandemiyası zamanı peyvəndlərə girişdən məhrum olduqlarını düşünən zəngin və inkişaf etməkdə olan ölkələr arasında fikir ayrılıqları səbəbindən gərgin keçib.
Müqavilə dövlət suverenliyinə xələl gətirəcəyini düşünənlər tərəfindən də tənqid edilib.
Ölkələrin 2026-cı ilin may ayına qədər müqavilənin Patogen Giriş və Faydaların Paylaşılması (PABS) mexanizminin təfərrüatlarını işləyib hazırlamaları lazımdır.
PABS mexanizmi pandemiyaya səbəb ola biləcək patogenlərə çıxışın və onlardan əldə edilən faydaların (peyvəndlər, testlər və müalicələr) paylaşılmasını nəzərdə tutur.
PABS sistemi tamamlandıqdan sonra razılaşma təsdiqlənə bilər. Sazişin qüvvəyə minməsi üçün 60 ratifikasiya sənədi tələb olunmalıdır.
Cənubi Afrikanın Prekious Matsoso və Fransanın qlobal sağlamlıq elçisi Anne-Kleyir Amprou razılaşmaya səbəb olan danışıqlar prosesinə həmsədrlik ediblər.
Mayın 20-də Baş Assambleyada çıxış edən Amprou planın "zamanın sınağına tab gətirə bilən, qaydalara əsaslanan və gələcəyə yönəlmiş bir sistem yaratmağı hədəflədiyini" söyləyib, bunun ölkələrin suverenliyinə xələl gətirmədiyini və etməyəcəyini vurğulayıb. O əlavə edib: “Geosiyasi gərginliyin artdığı və böyük dəyişikliklərin olduğu bir vaxtda bu razılaşma dünyanın hələ də bir yerdə olduğuna sübutdur”.