Peru məhkəməsi keçmiş prezident Ollanta Humala və onun həyat yoldaşı Nadine Heredianı çirkli pulların yuyulmasında təqsirli bilib və onları 15 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə çərşənbə axşamı yerli KİV-lər məlumat yayıb.
Milli Ali Məhkəmənin hakimləri müəyyən ediblər ki, Humala və Heredia 2006 və 2011-ci illərdəki seçki kampaniyalarını maliyyələşdirmək məqsədilə Braziliyanın “Odebrecht” inşaat şirkəti və Venesuela hökumətindən təxminən 3 milyon dollar məbləğində qanunsuz ianələr alıblar. Heredia hər iki seçkidə Humalanın seçki kampaniyasını idarə edib.
Məhkəmə hakimi Nayko Coronado cütlüyün qeyri-qanuni mənbələrdən əldə edilən və çirkli pulların yuyulması ilə əlaqəli bir sıra hallarda günahkar olduqlarının sübuta yetirildiyini bildirib və onların dərhal həbsinə qərar verib.
Hökmün elanından sonra Nadine Heredia Braziliyanın Limadakı səfirliyindən siyasi sığınacaq istəyib. Peru Xarici İşlər Nazirliyi onun bu müraciəti 1954-cü il Diplomatik Sığınacaq Konvensiyasına əsasən rəsmi şəkildə təqdim etdiyini təsdiqləyib.
Heredianın qardaşı İlan Heredia da eyni cinayət işi üzrə 12 il həbs cəzası alıb.
Səlahiyyətlilər Humalanın cəzasını Limadakı Barbadillo həbsxanasında çəkəcəyini bildiriblər.
Qeyd edək ki, Odebreçt korrupsiya qalmaqalı çərçivəsində 20 il həbs cəzası alan Ollanta Humala, son 20 ildə bu səbəbdən həbs olunan üçüncü keçmiş Peru prezidenti olub. Keçmiş prezident Alejandro Toledo bu günə kimi eyni qalmaqalla bağlı həbsdədir. Alberto Fuximori isə müxtəlif cinayətlərə görə hələ də azadlıqdan məhrum edilib.
Humala və Heredia ilə bağlı istintaq 2015-ci ildə, Odebreçtin Latın Amerikasında genişmiqyaslı rüşvət şəbəkəsini etiraf etməsindən bir il əvvəl başlanmışdı.