Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Nikol Paşinyan arasında regional sülhə yönəlmiş bu əhəmiyyətli görüş Dolmabağça sarayında baş tutub. Türkiyə Prezident Administrasiyasının məlumatına görə, görüş bir saatdan çox davam edib. Görüş zamanı qeyd olunub ki, Türkiyə Ermənistanın Azərbaycanla apardığı sülh prosesinə dəstək verməyə davam edəcək. Açıqlamada həmçinin qeyd olunub ki, tәrәflәr regionda xüsusən də İsrail və hər iki ölkənin quru sərhədi olduğu İran arasında artan gərginliyi də müzakirə ediblər.
Prezident R.T.Ərdoğan N.Paşinyana bildirib ki, Türkiyə tәkcә Cənubi Qafqazda deyil, bütün regionda sabitliyi təmin etmək üçün diplomatik vasitələrdən istifadə edir və xüsusilə İran-İsrail gərginliyinin yaratdığı risklərin qarşısını almaq məqsədilə digər ölkә başçıları ilә dә əlaqə saxlayır.
N.Paşinyan görüşdən razı qalıb
Ermənistanın Baş naziri Nikol Paşinyan görüşdən sonra “X” sosial şəbəkəsində etdiyi paylaşımda Türkiyә prezidenti R.T.Ərdoğanla Ermənistan-Türkiyə normallaşma prosesi, regional hadisələr və davamlı dialoqun əhəmiyyəti mövzularında əhatəli fikir mübadiləsi apardıqlarını qeyd edib.
Görüşdən əvvәl açıqlama verən Ermənistan parlamentinin sədri Alen Simonyan isə bu səfərin tarixi bir xarakter daşıdığını və Ermənistan Respublikasının tarixində ilk dəfə bu səviyyədə bir səfərin baş tuttuğunu vurğulayıb.
Qeyd edәk ki, Azərbaycan prezidenti İlham Əliyev də iyunun 19-da Türkiyəyə səfər edərək ölkә başçısı R.T.Ərdoğanla görüşüb. Tәrәflәr arası görüş zamanı R.T.Ərdoğan Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini bir daha təkrarlayıb.
N.Paşinyan həm rәsmi Bakı, həm də Ankara rәhbәrliyi ilə münasibətləri normallaşdırmaq üçün fəal siyasət aparır. Bu barәdә “Carnegie Europe” təşkilatının baş elmi işçisi Tomas de Vaal “AFP”yə açıqlamasında deyib: “N.Paşinyan Ermənistanı təcriddən çıxarmaq istəyir və bunu reallaşdırmağın ən yaxşı yolu Azərbaycanla sülh sazişi və Türkiyə ilə normallaşma prosesidir.”
Xatırladaq ki, N.Paşinyan bundan əvvəl tәkcә bir dəfə, 2023-cü ildə prezident R. T. Ərdoğanın andiçmə mərasimi münasibətilə Türkiyəyə səfər etmişdi.
Rәsmi Ankara və İrəvan rәhbәrliyi 2021-ci ilin sonunda münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin etmişdi. Bu proses, Ermənistanın Qarabağ müharibəsində Azərbaycana qarşı məğlubiyyətindən sonra başlamışdı. Tərəflər arasında başlayan dialoqdan bir il sonra iki ölkə arasında dayandırılmış birbaşa ticarət uçuşlarının yenidən bərpası barədə qərar qəbul olunmuşdu.