ABŞ və İsrailin dəstəklədiyi mübahisəli Qəzza Humanitar Yardım Fondu (GHF) çərşənbə axşamı Qəzzanın cənubundakı yardım paylama mərkəzində fəaliyyətə başlayıb.
AFP müxbirləri və yerli rəsmilərin məlumatına görə, minlərlə fələstinli Rəfahdakı mərkəzə axışıb. Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rəhbəri Filip Lazzarini deyib: "Dünən biz çəpərlərə sıxışaraq yemək üçün çarəsizcə mübarizə aparan ac insanların şokedici görüntülərini izlədik. Bu, xaotik, alçaldıcı və təhlükəli idi."
Hadisə İsrailin martın 2-də tətbiq etdiyi mühasirəni qismən yumşaltmasından bir neçə gün sonra baş verib. Mühasirə ərzaq və dərman çatışmazlığına səbəb olub.
Silah səsləri
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrail qüvvələrinin Qəzzadakı yardım məntəqəsinə axışanlara atəş açması nəticəsində azı bir nəfərin öldüyünü, 48 nəfərin isə yaralandığını bildirib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı çərşənbə günü yaydığı bəyanatda qeyd edib ki, çox sayda insan, çərşənbə axşamı Qəzza Humanitar Yardım Fondu tərəfindən idarə olunan paylama məntəqələrində ərzaq yardımı almağa cəhd edərkən yaralanıb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İşğal olunmuş Fələstin ərazilərindəki nümayəndəsi Acit Sunqhay jurnalistlərə bildirib ki, 47 nəfər İsrail qüvvələrinin açdığı atəş nəticəsində yaralanıb.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı insanların hansı bölgədə yaralandığına dair ətraflı məlumat verməyib.
Uğursuzluq
ABŞ fələstinlilərə ərzaq bağlamaları payladığını bildirib. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tami Brus məlumat verib. O, ümumilikdə 8000 ərzaq bağlamasının paylandığını qeyd edib.
Tami Brus İsrail ordusunun Rəfahdakı yardım paylama məntəqəsinə axışan fələstinlilərə hücumları ilə bağlı xəbərlərə münasibət bildirməyib və bunun əvəzinə fondun fəaliyyətinə diqqət çəkib.
Fələstin hökumətinin Qəzzadakı media ofisinin həmin gün yaydığı bəyanatda isə "İsrailin qondarma deeskalasiya zonasında yardım paylanması planı uğursuz oldu" ifadələri yer alıb.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) bildirib ki, Qəzza Humanitar Yardım Fondu tərəfindən həyata keçirilən yardım paylanması humanitar prioritetlərdən yayınma riski daşıyır.
Fevral ayında yaradılan bu fond BMT tərəfindən sərt tənqidlərə məruz qalıb. BMT rəsmiləri hesab edirlər ki, fondun yardım paylama planları fələstinlilərin məcburi köçkünlüyünü asanlaşdıra və bölgədə zorakılığın daha da artmasına səbəb ola bilər.