Ukraynanın Kiyev şəhər Dövlət Administrasiyasının rəhbəri aprelin 24-də səhər tezdən Kiyevə "genişmiqyaslı" raket hücumu nəticəsində azı 9 nəfərin öldüyünü və 60-dan çox insanın yaralandığını bildirib. Bu hücum üç illik müharibə zamanı paytaxta edilən ən qanlı hücumlardan biri kimi qeydə alınıb.
Ukrayna hakimiyyəti raket hücumu ilə bağlı xəbərdarlıq edib və AFP müxbirləri paytaxtda partlayış səsləri eşidiblər. Ukraynanın Kiyev şəhər Dövlət Administrasiyası "Telegram"da ölənlərin sayını yeniləyərək, bildirib ki, Rusiya Kiyevə genişmiqyaslı hücuma keçdi.
İlkin məlumatlara görə, 9 nəfər ölüb, 63 nəfər yaralanıb. Xəstəxanaya yerləşdirilən 42 nəfər arasında 6-sı uşaqdır.
Paytaxtın beş rayonuna ziyan dəyib. Həmin çərçivədə qarajlarda və inzibati binalarda baş verən yanğınlar söndürülüb. Kiyev şəhər Dövlət Administrasiyasının rəhbəri hücum nəticəsində yaşayış binalarına da ziyan dəydiyini bildirərək, dağıntılar altındakı insanların axtarışının davam etdiyini vurğulayıb.
AFP agentliyində vəzifəli müxbirin müşahidəsinə görə, sakinlərdən bir hissəsi hava hücumu xəbərdarlığından sonra yaşayış binasının zirzəmisində qurulmuş sığınacaqda toplaşıb.
Qeyd edək ki, Kiyev sonuncu dəfə aprelin əvvəlində raket hücumuna məruz qalıb və ən azı üç nəfər yaralanıb. Rusiya 2022-ci ilin fevralında genişmiqyaslı hücuma başladıqdan sonra paytaxt hücumların hədəfinə çevrilib.
Ukraynanın şərqində Xarkov şəhəri aprelin 24-də səhər tezdən 7 raketlə vurulub. Şəhərin meri İqor Terexov daha sonra deyib: “Bir gecədə ikinci dəfədir ki, qanadlı raketlərlə hücuma məruz qalırıq. Son hücumlardan biri əhalinin sıx məskunlaşdığı əraziyə düşüb... Orada iki nəfər yaralanıb. Düşmən hücumlarının baş verdiyi ərazilərdə araşdırmalar davam edir". O, sakinləri "ehtiyatlı olmağa" çağırıb.
Ukrayna prezidenti Volodimir Zelenskinin baş müşaviri Andrey Yermak bildirib ki, Rusiya hazırda Kiyev, Xarkov və digər şəhərləri “raketlər və dronlarla” vurur. Putin sadəcə öldürmək iradəsini nümayiş etdirir. Mülki insanlara qarşı hücumlar dayandırılmalıdır.