Fransa prezidenti Emmanuel Makron mayın 7-də Suriya prezidenti Əhməd Şaraa ilə birgə mətbuat konfransında bildirib: "Avropa İttifaqı Suriyaya qarşı tətbiq edilən sanksiyaları mərhələli şəkildə ləğv etməyi hədəfləyəcək”.
Şaraa vəzifəsinin icrasına başlandan sonra Avropa ölkələrindən birinə ilk səfəri çərçivəsində Parisdə olub.
“Mən prezidentə dedim ki, əgər o, öz yolu ilə davam edərsə, biz də öz yolumuzla davam edəcəyik. Buna isə ilk növbədə Avropanın iqtisadi sanksiyalarını tədricən ləğv etməklə başlamalıyıq”, -deyə Makron qeyd edib.
Makron deyib: "ABŞ-ı da eyni yolda addımlamağa qane etmək üçün " inandırma prosesi" başladacağıq. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və onun tərəfdaşları ilə Suriyanın öz imkanlarını və həyati qüvvələrini bərpa etməyə imkan verəcək regional çərçivə yaratmaq üçün işləməyə çalışacağıq.
Bunun üçün beynəlxalq fondlardan düzgün istifadə ediləcəyinə dair təminatların verilməsi lazım gələcək. Fransa bu kontekstdə öz prioritetlərinin nəzərə alınmasını təmin edəcək, çünki dediyim kimi, Suriyanın sabitliyi və birliyi də Yaxın Şərqin sabitliyi üçün həyati əhəmiyyət kəsb edir.
Keçmişdə Bəşər Əsəd rejimi dövründə tətbiq edilən sanksiyaların “yenilənməməsi”ni müdafiə edəcək və hələ də “tərəddüdləri” olan bəzi üzv dövlətlərlə fəal işləyəcəyik.
İnanıram ki, bu sanksiyaları tədricən aradan qaldırmaq, bunu dəstəkləmək və ona gələcək aylarda irəliləyiş imkanı vermək bizim məsuliyyətimizdir”.
Qarşılıqlı əməkdaşlıq
Suriya prezidenti Şaraa isə öz növbəsində deyib: "Fransa Suriya xalqının dostudur və bütün inqilab illərində onların yanında olub.
Prezident Makronla qarşılıqlı maraq doğuran məsələlərdə irəliləyiş yollarını, o cümlədən Fransanın “bütün regionun sabitliyini təmsil edən” Suriyanın yenidən qurulması və sabitləşməsinə verdiyi töhfəni müzakirə etdik.
Makronla təhlükəsizlik, iqtisadiyyat, ədalət və terrorla mübarizə sahələrində əməkdaşlıq imkanlarından da danışdıq".
Şaraa Makrona və Fransa xalqına son illərdə suriyalı qaçqınları qəbul etdiklərinə və bu gün onu qonaq etdiklərinə görə təşəkkür edib.
Şaraa administrasiyanın “məzhəblərarası qarşıdurmalara və xarici tərəflərin Suriyanın suverenliyini pozmasına icazə verməyəcəyini” vurğulayıb və qəti şəkildə bildiribi ki, Suriyanın gələcəyi qapalı otaqlarda və ya uzaq paytaxtlarda formalaşmayacaq.
Şaraa Suriyaya qarşı beynəlxalq sanksiyaları vurğulayaraq deyib: "Sanksiyalar keçmiş rejimin törətdiyi cinayətlərə görə tətbiq edilir və rejimin devrilməsindən sonra da davam etməsi üçün heç bir əsas yoxdur".