Şimali Koreya ilk dəfə olaraq Rusiyaya qoşun göndərdiyini təsdiqləyib. KCNA dövlət xəbər agentliyinin məlumatına görə, rəsmi Pxenyan qoşunları Moskvaya Ukraynanın nəzarətində olan əraziləri geri almağa kömək edir və əməliyyat Rusiya sərhədindəki Kursk bölgəsində aparılır.
Məsələ ilə bağlı bəyanat aprelin 28-də Rusiyanın Şimali Koreyanın iştirakını təsdiqləməsindən bir neçə gün sonra verilib. Cənubi Koreya və Qərb kəşfiyyat agentlikləri uzun müddətdir ki, Pxenyanın ötən il Rusiyaya kömək üçün 10 mindən çox əsgər göndərdiyi xəbərini yayınlamışdı.
"Silahlı qüvvələrimizin alt bölmələri Koreya Xalq Demokratik Respublikası başçısının əmrinə əsasən, Kursk rayonlarının azad edilməsi əməliyyatlarında iştirak edib", - Şimali Mərkəzi Hərbi Komissiyası KCNA hesabatında bildirib.
Məlumatda deyilir ki, Şimali Koreya rəhbəri Kim Çen İnin qoşun göndərmək qərarı iki ölkə arasında qarşılıqlı müdafiə müqaviləsinə uyğun olaraq verilib.
KCNA-nın məlumatına görə, Kim "Ədalət uğrunda mübarizə aparanların hamısı qəhrəmandır" deyib və tezliklə paytaxtda "Döyüş zəfərləri" abidəsinin qoyulacağını söyləyib.
Həmçinin "Ukrayna hakimiyyətinin Rusiya Federasiyasına qarşı təcavüzünü dəf etmək üçün Kursk vilayətinin azad edilməsi üzrə əməliyyatlar qələbə ilə başa çatıb", - Şimali Koreya Mərkəzi Hərbi Komissiyanın məlumatında deyilir.
Aprelin 26-da Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Ukrayna silahlı qüvvələri qruplaşmasının məğlub edilməsində mühüm yardım göstərən Şimali Koreya əsgərlərinin "qəhrəmanlığını" yüksək qiymətləndirib.