Türkiyə Böyük Millət Məclisi İsrailin Qəzzada davam edən soyqırımını, bölgədəki genişmiqyaslı hərbi əməliyyatlarını və İrana qarşı həyata keçirdiyi hücumları pisləyən qanun layihəsini yekdilliklə qəbul edib.
Çərşənbə günü “Rəsmi Qəzet”də yayımlanan bəyannamədə millət vəkilləri İsrailin onilliklərdir davam etdirdiyi işğal siyasətini, sistematik zorakılığını və Qəzzada minlərlə insanın ölümünə səbəb olan son bombardmanlarını “insanlığa qarşı cinayət” adlandırıblar.
Bəyanatda eyni zamanda, İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar da sərt tənqid olunub. Millət vəkilləri bu hücumları “təxribat xarakterli addım’’ adlandıraraq bölgəni daha genişmiqyaslı bir müharibəyə sürükləyə biləcəyi barədə xəbərdarlıq ediblər.
Türkiyə Böyük Millət Məclisi bölgədə yaşayan günahsız insanların yanında olacağını və diplomatiya yolu ilə davamlı sülhün təmin edilməsinə yönəlmiş səyləri dəstəkləyəcəyini bəyan edib.
Eyni zamanda Məclis beynəlxalq təşkilatları və hökumətləri hüquqi və diplomatik məsuliyyət götürməyə çağırıb.
İyunun 17-də qəbul edilən və Birləşmiş Millətlər Təşkilatına ünvanlanan təklifdə Türkiyənin Yaxın Şərqdə sülhün, sabitliyin və ədalətin bərqərar olunması istiqamətində səyləri dəstəkləməyə davam edəcəyi vurğulanıb.