SİYASƏT
2 dəqiqə oxuma
Şimali Koreya İsraili sərt şəkildə qınayıb
Pxenyan rəhbərliyi İsrailin İrana hücumunu qınayaraq ABŞ və Qərbi münaqişəni alovlandırmaqda ittiham etdi
Şimali Koreya İsraili sərt şəkildə qınayıb
North Korea warns US and European powers against "fanning up the flames of war" in Middle East. / AP
11 saat əvvəl

Rəsmi Pxenyan İsrailin İranın mülki, nüvə və enerji obyektlərinə qarşı həyata keçirdiyi hava zərbələrinə görə “dərin narahatlıq” ifadə edərək, bu hücumların bölgədə genişmiqyaslı müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

İyunun 19-da Şimali Koreyanın rəsmi xəbər agentliyi “KCNA” tərəfindən yayımlanan bəyanatda ölkənin Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin katibi bildirib ki, Pxenyan rəhbərliyi İsrailin hərbi əməliyyatlarını qəti şəkildə pisləyir və bu hücumları regionun sabitliyi üçün təhlükə hesab edir.

Nazirlik rəsmisi İsrailin hücumları nəticəsində dinc sakinlərin həyatını itirməsini “bəşəriyyətə qarşı bağışlanmaz bir cinayət” adlandıraraq Tel-Əviv rəhbərliyini açıq şəkildə dövlət tərəfindən dəstəklənən terrorizmdə ittiham edib. O, həmçinin bu cür hücumların Yaxın Şərqdə yeni bir genişmiqyaslı müharibə riskini artırdığını vurğulayıb.

Şimali Koreya höküməti ABŞ və Avropa ölkələrinə də xəbərdarlıq edərək vəziyyətə daha çox müdaxilə etməməyə çağırıb.

Nazirliyin mətbuat katibi hәmçinin deyib: “Dünya ictimaiyyəti şahidlik edir ki, ABŞ ilə Qərb tərəfindən dəstəklənən və himayə edilən İsrail dövləti Yaxın Şərqdə sülh üçün xərçəng kimi yayılan bir varlıqdır və qlobal sülhə və təhlükəsizliyə qarşı əsas təhdid mənbəyidir. Beynəlxalq ictimaiyyət ABŞ və Qərb dövlətlərinin İranın zərərçəkmiş bir ölkə olaraq qanuni suverenliyinə və özünü müdafiə haqqına yönəlmiş tənqidlərini diqqətlə izləyir.”

 “Fəlakət mərhələsi” xəbərdarlığı

Şimali Koreyanın bu sərt açıqlamaları, ABŞ prezidenti Donald Trampın İranla bağlı səbirinin tükəndiyini bildirməsindən sonra verilib.

Rəsmi Pxenyan Vaşinqton rəhbərliyini bu cür addımlardan çəkinməyə çağıraraq xəbərdarlıq edib ki, ABŞ və onun müttəfiqlərinin davranışları Yaxın Şərqdəki vəziyyəti nəzarətdən çıxan fəlakətli bir mərhələyə sürükləyir.

D.Trampın bəyanatları İranın ali dini lideri Ayətullah Əli Xameneinin ABŞ-ın “qeydsiz-şərtsiz təslim ol” tələblərini rədd etməsi və əgər Vaşinqton rəhbərliyi müdaxilə edərsə, bərpası mümkün olmayan zərərlər barədə xəbərdarlıq etməsindən sonra səsləndirilib.

Digər tərəfdən, “The Wall Street Journal” qəzetinin məlumatına görə, D.Tramp iyunun 17-də müşavirlərinə İranla bağlı hərbi əməliyyat planlarını təsdiqlədiyini, lakin İranın nüvə proqramından imtina edib etməyəcəyini görmək üçün gözləmə mövqeyində olduğunu bildirib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us