Dünya Bankı Suriyanın Səudiyyə Ərəbistanı və Qətərdən ödənişlər aldıqdan sonra 15,5 milyon dollarlıq borcunu bağladığını və bunun ölkəyə yenidənqurma və büdcə dəstəyi üçün milyonlarla dollar qrant müraciəti etmək imkanı verdiyini açıqlayıb.
Səudiyyə Ərəbistanı və Qətər aprel ayında Suriyanın borclarını ödəyəcəklərini bildirmişdilər ki, bu da bankın əməliyyat siyasətinə uyğun olaraq yeni qrant proqramlarına uyğunluq təmin edir. Bu addım ABŞ prezidenti Donald Trampın Suriyaya tətbiq olunan bütün sanksiyaların ləğv ediləcəyi elanından sonra atılıb. 13 illik vətəndaş müharibəsindən sonra yenidən qurulma üçün hərəkətə keçən Suriyaya qarşı ABŞ-ın yaxın həftələrdə bəzi sanksiyaların yüngülləşdirməsinə başlaması gözlənilir.
Dünya Bankının məlumatına görə, mayın 12-dən etibarən Suriya bankın ən yoxsul ölkələr üçün fondu olan Beynəlxalq İnkişaf Assosiasiyası qarşısında heç bir borcu qalmayıb: "Suriyanın borclarının bağlanması Dünya Bankı qrupunun ölkə ilə yenidən əməkdaşlıq etməsinə və Suriya xalqının inkişaf ehtiyaclarını qarşılamağa imkan verəcək. Müharibədən və münaqişə illərindən sonra Suriya bərpa və inkişaf yolundadır."
Bank suriyalıların həyatını yaxşılaşdırmaq, ölkəni və regionu sabitləşdirmək, ictimai və özəl maliyyə mənbələrini səfərbər etmək məqsədilə digər dövlətlərlə əməkdaşlıq edəcəyini bildirib.
Dünya bankının Suriyadakı ilk layihəsi elektrik enerjisinə çıxışı təmin etməyə yönələcək ki, bu da iqtisadi irəliləyişə - səhiyyə, təhsil, su və yaşayış vasitələri kimi əsas xidmətlərin göstərilməsinə kömək edəcək. "Təklif olunan layihələr Suriyanın təcili ehtiyaclarını qarşılamaq və uzunmüddətli inkişaf üçün investisiya qoymaq məqsədilə nəzərdə tutulan Dünya Bankı qrupu dəstəyinin artırılmasının ilk addımıdır," – deyə bank bildirib.