Sudanın qərbində yerləşən әl-Fәşir şəhərində yanvar ayından bəri tәxminәn 239 uşağın qida və dərman çatışmazlığı səbəbilə həyatını itirdiyi açıqlanıb. Bu barədə iyunun 29-da Sudan Mәrkәzi Həkimlər Komitəsi məlumat yayıb.
Komitənin məlumatına görə, qurumun əməkdaşları yanvar-iyun aylarında Şimali Darfur əyalətinin paytaxtı olan әl-Fәşir şəhərində uşaqlar arasında qeydə alınan ölümləri sənədləşdirib. Ölüm hallarının səbəbləri kimi ciddi səviyyədə qida çatışmazlığı və tibbi ləvazimatların olmaması göstərilir.
Sudan Mәrkәzi Həkimlər Komitəsi bildirib ki, aclığın sürətlə artdığı bir vaxtda üsyançı Çevik Dəstək Qüvvələrinin (RSF) mühasirəsində olan әl-Fәşirdə uşaq qidalanma mərkəzləri hədəf alınmağa davam edir.
Açıqlamada deyilir: “Həkimlər Komitəsi bir ildən artıqdır mühasirədə qalan Darfurdakı uşaqların beynəlxalq ictimaiyyət tərəfindən laqeyd yanaşılmasına görə dərin təəssüf hissi keçirir.”
Qeyd edәk ki, beynəlxalq xəbərdarlıqlara baxmayaraq, humanitar yardım əməliyyatlarının əsas mərkəzi olan әl-Fәşir şəhərində mayın 10-dan bəri Sudan ordusu ilə üsyançı Çevik Dəstək Qüvvələri arasında şiddətli döyüşlər davam edir.
İyunun 27-dә BMT Baş katibi Antonio Quterreşlə Sudan Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhan arasında keçirilən telefon danışığından sonra әl-Fәşirdə yeddi günlük humanitar atəşkəs təsdiqlənib.
Atәşkәsin әsas mәqsәdi mühasirədə olan әl-Fәşir şəhərində humanitar yardımların ehtiyac sahiblərinə çatdırılmasıdır. Ancaq Sudan Suverenlik Şurasının açıqlamasında atəşkəsin nə vaxt başlayacağı ilə bağlı konkret məlumat verilməyib.
Xatırladaq ki, üsyançı Çevik Dəstək Qüvvələri ilə Sudan ordusu arasında 2023-cü ilin aprelindən bəri davam edən qarşıdurma minlərlə insanın ölümünə səbəb olub və ölkəni dünyanın ən ciddi humanitar böhran yerinә çevirib.