SİYASƏT
2 dəqiqə oxuma
Türkiyə XİN rəhbəri: "İranla ABŞ arasında daimi razılaşmaya ehtiyac var"
Türkiyənin xarici işlər naziri Hakan Fidan: “Hazırda sakitlik dövrüdür, lakin bu vəziyyəti davamlı etmək üçün rәsmi Tehran və Vaşinqton rәhbәrliyi razılığa gəlməlidir”
Türkiyə XİN rəhbəri: "İranla ABŞ arasında daimi razılaşmaya ehtiyac var"
/ Reuters
10 saat əvvəl

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranla ABŞ arasında daimi bir razılaşmanın zəruri olduğunu vurğulayıb. Nazir H.Fidan bölgədəki hava hücumları və artan gərginlik fonunda hər iki tərəfin danışıqlara meylli olduğunu bildirib.

İsrailin İrana qarşı hücumları ilə başlayan qarşıdurmalardan danışan H.Fidan deyib: “Bildiyiniz kimi, bölgədə baş verən hadisələri yaxından izləyir və bir çox hallarda vasitəçi kimi proseslərə daxil oluruq. Çünki müharibələrin başlamaması və mövcud olanların da sona çatması həm bizim, həm də regionun maraqlarına uyğundur. İsrailin həyata keçirdiyi hücum rəsmi Tehranın özünümüdafiə mövqeyinə keçməsi ilə nəticələndi. Həmçinin, İsrailin İranın nüvə qabiliyyətini tamamilə sıradan çıxarma iddiasını gerçəkləşdirəcək qədər güclü olmadığı da aşkara çıxdı”.

Nazir H.Fidan əlavə edib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun daxili siyasətdə atdığı addımlar ölkəsinin xarici siyasətinə dә təsir göstərir. “Dünya gördü ki, orada öz maraqları naminə regionu alova atmaqdan çəkinməyən siyasi bir düşüncə mövcuddur. Bu müharibə 12 gündən sonra müvəqqəti olaraq dayandırıldı, lakin atəşkəs İranın nüvə imkanlarının İsrail tәrәfindәn məhv edildiyi fərziyyəsinə əsaslanır. Ancaq qarşılıqlı hücumların yenidən başlaması ehtimalına qarşı region ayıq-sayıq olmalıdır”, – deyə nazir bildirib.

Xarici işlәr naziri Hakan Fidan münaqişənin tәkcә iki ölkəyə deyil, bütövlükdə regiona böyük iqtisadi və siyasi xərc yüklədiyini də deyib: “Bildiyiniz kimi, bu iki ölkə arasında 1000 kilometrdən artıq məsafə var və aralarında birbaşa sərhəd yoxdur. Deməli, bu münaqişə sərhədləri aşan və digər ölkələri də əhatə edən bir müharibədir. Hazırda sakitlik dövrüdür, lakin bunun davamlı hala gəlməsi üçün İranla ABŞ arasında razılaşma əldə olunmalıdır.”

ABŞ prezidenti Donald Trampla İran prezidenti Məsud Pezeşkiyanın Türkiyədə görüşəcəyi barədə iddialara isә nazir belә münasibət bildirib: “Bunu deyə bilərəm ki, cənab prezidentimizin liderliyinə olan güvən səbəbilə ən yüksək səviyyədə təkliflər və situasiyalar müzakirəyə çıxarılır.”

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us