Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 4-də Azərbaycanda Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb. Görüş zamanı o, Türkiyə ilə Pakistan arasında xüsusilə ticarət və enerji sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərin davam etdiyini bildirib.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatda qeyd olunur ki, görüş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti çərçivəsində baş tutub. Sammit zamanı liderlər ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələləri də müzakirə ediblər.
Prezident R.T.Ərdoğan görüşdə İsrailin Qəzzaya qarşı hücumlarının dayandırılmasının, atəşkəsin təmin edilməsinin və bölgəyə humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyini də vurğulayıb.
Pakistan Nazirlər Kabinetinin yaydığı açıqlamada bildirilir ki, tərəflər iki ölkə arasında bütün mühüm sahələrdə əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi əzmində olduqlarını bir daha qeyd ediblər.
Liderlər ticarət, müdafiə, enerji, nəqliyyat və investisiya kimi sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanı görüş zamanı xarici işlər naziri Hakan Fidan, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət ediblər.