Ukrayna və Rusiya “1000-in 1000-ə” formatında əsir mübadiləsinin ilk mərhələsini həyata keçirib. Proses cəmi üç günlükdür. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib. O bildirib ki, Ukrayna və Rusiya “1000-in 1000-ə” əsir mübadiləsi razılaşmasının birinci hissəsini yerinə yetirib.
“Cümə günü (23 may) 390 nəfər oldu. Şənbə və bazar günləri mübadilənin davamını gözləyirik”, – deyə dövlət başçısı qeyd edib.
Zelenski ukraynalı əsirlərin evlərinə qayıtması üçün fasiləsiz çalışan bütün şəxslərə təşəkkür edərək deyib: “Əsirlikdə olan hər bir şəxsi geri qaytarmaq çox vacibdir. Hər bir şəxsin adını və məlumatını yoxlayırıq. Diplomatik fəaliyyətimizi davam etdirəcəyik ki, belə addımlar mümkün olsun”.
Ukrayna Əsirlərlə iş üzrə Koordinasiya Qərargahı bildirib ki, geri qaytarılanlar arasında 270 hərbçi və 120 mülki şəxs var. Onlar arasında Ukrayna Silahlı Qüvvələrinin, o cümlədən Hərbi Dəniz Qüvvələrinin, ərazi müdafiə qüvvələrinin, həmçinin Milli Qvardiyanın və Dövlət Sərhəd Xidmətinin hərbçiləri var.
Azad edilən hərbçilər Donetsk, Luqansk, Xarkov, Zaporojye, Xerson cəbhələrində və Çerniqov, Sumı, Kiyev vilayətlərində döyüş əməliyyatlarında iştirak ediblər. Onların 3-ü qadın və 387-si kişidir.
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak öz növbəsində bildirib ki, azad edilən hərbçilərin bir qismi 2022-ci ildən əsirlikdə idi.
Xatırladaq ki, mayın 16-da İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında son üç ildə ilk görüş keçirildi. Danışıqlar zamanı “1000-in 1000-ə” formatında əsir mübadiləsinə dair razılıq əldə olundu.