SİYASƏT
1 dəqiqə oxuma
R.T.Ərdoğan NATO müttəfiqlərindən müdafiə ticarətində məhdudiyyətlərin qaldırılmasını tələb edir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Haaqadakı Zirvə öncəsi Qəzzada daimi atəşkəs və humanitar yardımın sərbəst şəkildə təmin olunmasına çağırdı
R.T.Ərdoğan NATO müttəfiqlərindən müdafiə ticarətində məhdudiyyətlərin qaldırılmasını tələb edir
/ AA
6 saat əvvəl

Haaqa şəhərində keçiriləcək müdafiə alyansının zirvə toplantısına yola düşməzdən əvvəl çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO müttəfiqlərinə müdafiə sənayesi məhsullarının ticarətinə qoyulan bütün məhdudiyyətlərin heç bir şərt qoyulmadan ləğv edilməli olduğunu bildirib.

Dövlət başçısı əlavə edib ki, Türkiyə NATO-nun 2026-cı ildə keçiriləcək zirvəsinə ev sahibliyi etmək niyyətindədir. O, həmçinin rәsmi Ankaranın Rusiya ilə Ukrayna arasında sülhün təşviqi istiqamətindəki qətiyyətini vurğulayıb və İstanbul görüşündən sonra yeni diplomatik təşəbbüslərin planlaşdırıldığını açıqlayıb.

Prezident R.T.Ərdoğan İran ilə İsrail arasında əldə edilən son atəşkəsi müsbət qarşıladığını bildirib və qlobal gücləri gərginliyi azaltmaq üçün sürətli addımlar atmağa çağırıb.

Ölkә başçısı çıxışında deyib: “Region İsrail-İran müharibəsinin yükünü daşıya bilməz. Bütün tərəfləri diplomatiyaya real bir şans verməyə dəvət edirәm. İsrailin Fələstindən başlayaraq Livan, Suriya, Yəmən və nəhayət İrana qədər uzanan məsuliyyətsiz addımları tamamilə qəbuledilməzdir”.

O, həmçinin Türkiyənin beynəlxalq hüquqa əsaslanan və diplomatiyanı ön planda tutan prinsipial mövqeyini qətiyyətlə davam etdirəcəyini vurğulayıb.

Prezident R.T.Ərdoğan İsrailin Qəzzada apardığı soyqırım xarakterli müharibəni pisləyərək deyib: “Qəzzada daimi atəşkəs dərhal həyata keçirilməli, İsrailin hücumları dayandırılmalı və humanitar yardım sərbəst şəkildə təmin olunmalıdır”.

Qeyd edәk ki, Türkiyə rəsmilərinin verdiyi məlumata әsasәn, R.T.Ərdoğanın NATO Zirvəsi çərçivəsində keçiriləcək sessiyalar arasında diplomatik kanalların gücləndirilməsi istiqamətində ABŞ prezidenti Donald Tramp ilə saat 23:30-da görüşməsi planlaşdırılır.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us