Kolumbiya Universitetində magistr təhsili alan və Fәlәstin tərəfdarı tələbə etirazlarının əsas simalarından birinə çevrilmiş Mahmud Xәlil federal immiqrasiya mərkəzində saxlanıldığı Luiziana ştatındakı həbsxanadan iyunun 20-dә azadlığa çıxıb. Onun Nyu-Yorka qayıdaraq hәbs olunduğu dövürdə dünyaya gəlmiş oğlu vә həyat yoldaşı ilə görüşəcəyi gözlənilir.
Həbsxananın qarşısında çıxış edən M.Xәlil bildirib: “Ədalət bərpa olundu, lakin bu qərar xeyli gecikdi. Bu proses üç ay çəkməməli idi.”
Hakimin mövqeyi
Nyu-Cersi Federal Məhkəməsinin hakimi Maykl Farbiarz qərarında qeyd edib ki, hökumət M.Xәlilin saxlanılması üçün lazımi hüquqi tələbləri yerinə yetirə bilməyib. Hakim bəyan edib ki, zorakı cinayətlə günahlandırılmayan, məhkəmə çağırışlarına əməl edәn vә daimi yaşamaq icazəsi olan bir şəxsin saxlanılması nadir və qeyri-adi haldır.
Hüquqi mübarizә
Fәlәstinli aktivist M.Xәlilin azadlığa buraxılması Luizianadakı bir immiqrasiya hakiminin onun zaminə buraxılmasını rədd etməsindən və deportasiya qərarı verməsindən cəmi bir neçə saat sonra baş verib. D.Tramp administrasiyası isə bu qərarın federal məhkəmənin səlahiyyətindən üstün olduğunu iddia edərək hakimin səlahiyyətlərini aşdığını bildirib.
Rəsmi təzyiqlər və siyasi açıqlamalar
ABŞ Dövlət Katibi Marko Rubio fәlәstinli M. Xәlilin deportasiya edilməsini tələb edən əsas fiqurlardan olub. O, soyuq müharibə dövrünə aid bir qanuna istinad edərək, ABŞ-ın xarici siyasətinə zərər verən əcnəbilərin ölkədən çıxarılmasının qanuni olduğunu iddia edib. M.Rubio Konstitusiya ilə təmin olunan hüquqların vətəndaş olmayanlara tam şəkildə şamil edilmədiyini bildirib və fәlәstinli aktivistin fәaliyyәtlәrini “milli təhlükəsizlik üçün təhdid” adlandırıb.
Tramp administrasiyası M.Xәlilin İsrail əleyhinə etirazlarda iştirakını antisemitizm kimi təqdim edərək, deportasiya üçün yetərli səbəb olduğunu bildirib. Lakin vətəndaş hüquqları təşkilatları bu yanaşmaya qarşı çıxaraq, İsrail siyasətinə edilən tənqidlərlə nifrət çıxışı arasında sərhədin bilərəkdən silinməsinin söz azadlığını boğmaq məqsədi daşıdığını bildirirlər.
M.Xәlilin açıqlamaları
Mahmud Xәlil Luizianada saxlanması ilә bağlı təəssüratlarını belә izah edib: “Özünü insan hüquqları, azadlıq və ədalət ölkəsi kimi təqdim edən bir dövlətin fәrqli bir simasını gördüm. ABŞ vətəndaşı olmadan immiqrant kimi bu torpaqlarda yaşamaq insanlığımızı azaltmır.”
Onun həyat yoldaşı Nur Abdullah isə әrinin azadlığa buraxılması qərarından sonra ilk dəfə dərindən nəfəs aldığını bildirib. Lakin o, son üç ayda yaşadıqları travmanın izlərinin hələ də qalmaqda davam etdiyini vurğulayaraq deyib: “Bu qərar Tramp administrasiyasının ailəmizə və daha neçə-neçə ailəyə yaşatdığı haqsızlıqları bərpa etmək üçün yetərli deyil.”
Qeyd edәk ki, Tramp administrasiyasının İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara qarşı ABŞ universitetlərində genişlәyәn tələbə etirazlarını sonlandırmaq üçün başlatdığı hüquqi təqiblər çərçivəsində M.Xәlildәn başqa Corctaun Universitetində işlәyәn Hindistan vətəndaşı tәdqiqatçı Badar Xan Suri, Momodou Taal, Kolumbiya Universitetinin tələbəsi Yunseo Çunq, Tufts Universitetinin doktorantı Rumeysa Öztürk, Mohsen Mahdavi vә daha bir neçә tәlәbә saxlanılıblar. Onlardan bәzilәri artıq azadlıqdadır.