Hesabatlara görə, Çin ABŞ-dan idxal etdiyi bəzi məhsullara tətbiq oluna biləcək istisnalar üzərində səssizcə işləyir. Bu, Pekin və Vaşinqtonun ticarət müharibəsini yumşaltmağa hazır olduğuna işarə kimi qiymətləndirilir.
Çin Xarici İşlər Nazirliyi bildirib ki, hazırda ABŞ ilə tariflər üzrə heç bir danışıq və ya məsləhətləşmələr aparılmır. Bəyanat Pekinin ABŞ-ın bəzi idxal malları üçün məhdud istisnalar tətbiq etməyi səssiz şəkildə dəyərləndirdiyinə dair xəbərlərdən sonra verilib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Xiakun brifinqdə bir sualı cavablandırarkən, ABŞ mallarına tarifləri yüngülləşdirmək üçün hər hansı planın təfərrüatları ilə "tanış olmadığını" söyləyib. O, bir daha vurğulayıb ki, bu mərhələdə Çin və ABŞ tariflərlə bağlı heç bir danışıq aparmayıb.
Bununla belə, "Reuters" agentliyinin məlumatına görə, Çin 125% cavab tariflərinə tabe olan ABŞı- bəzi idxal mallarına istisnalar tətbiq edib və şirkətlərdən istisna üçün uyğun ola biləcək əlavə məhsulları müəyyən etmələrini istəyib.
Bu addım dünyanın ən böyük iki iqtisadiyyatının ticarət müharibəsini cilovlamağa və tariflərin təsiri ilə bağlı narahatlıqları azaltmağa hazır olduqlarının ən bariz işarəsi kimi qəbul edilir.
Rəsmi dəyişiklik elan edilməsə də, daxili qiymətləndirmələr Pekinin bəzi sənayelər üçün tarifləri yüngülləşdirmək barədə tədbirlər üzərində işlədiyini göstərir. Bu inkişaflar Vaşinqtondan gələn yumşalma siqnalları ilə üst-üstə düşdüyündən, bazarlar reaksiya verib. Həmin çərçivədə Honq-Konq və Yaponiyada səhmlər artıb, ABŞ dolları isə bir qədər əks istiqamətdə hərəkət edib.
Bildirilib ki, Ticarət Departamenti nəzdində işçi qrup sənaye nümayəndələrindən rəy toplayır və bizneslərin tariflərdən azad olmasını görmək istədikləri ABŞ məhsullarının siyahılarını tələb edir.
"Çin hökuməti şirkətlərimizdən soruşur, məsələn, Birləşmiş Ştatlardan idxal etdiyiniz və başqa heç bir yerdə tapa bilməyəcəyiniz şeylər nələrdir və bu maddələr tədarük zəncirinizə necə təsir edəcək",-Çindəki Amerika Ticarət Palatasının prezidenti Maykl Hart deyib.
Hart ABŞ biznes qrupu tərəfindən təmsil olunan bəzi şirkətlərin keçən həftə idxal etdikləri mallara yeni tariflərin tətbiq edilmədiyini bildirib.
Fransanın təyyarə mühərriki istehsalçısı "Safran" şirkətinin baş direktoru aprelin 24-ü bildirib ki, Çinin mühərriklər və eniş qurğuları da daxil olmaqla “aviasiya avadanlığının bir sıra hissələrinə” tariflərdən azadolma hüququ tətbiq etdiyini öyrəniblər.
Çinin Ticarət Nazirliyi bildirib ki, ABŞ tariflərinin ölkədəki xarici firmaların investisiyalarına və əməliyyatlarına təsirini müzakirə etmək üçün Çində 80-dən çox xarici şirkət və ticarət palataları ilə görüş keçirib.
Pekinin nəzərdən keçirdiyi tariflərdən azadolmalar Çindəki şirkətlər üçün əczaçılıq istehsalçılarından hava yollarına qədər xərclərin azaldılmasını təmin edə və yarımkeçiricilərdən neft-kimya məhsullarına qədər məhsulların daha ucuz idxalına imkan verə bilər. Bu, Tramp administrasiyasının Pekinlə razılaşma əldə etmək istəyini nümayiş etdirdiyi bir vaxtda ABŞ ixracatına təzyiqi də azalda bilər.
Avropa İttifaqı Ticarət Palatası da Ticarət Nazirliyi qarşısında tariflərdən azad edilməsi məsələsini qaldırdığını və cavab gözlədiyini bildirib.
Avropa Ticarət Palatasının prezidenti Yens Eskelund deyib: "Üzv şirkətlərimizin çoxu ABŞ-dan idxal olunan kritik komponentlərə tətbiq edilən tariflərdən əhəmiyyətli dərəcədə təsirlənir".
Çin sosial media platformalarında və müəssisələr və ticarət qrupları arasında yayılan 131 məhsul kateqoriyasının tariflərdən azad ediləcəyi bildirilən siyahı var.
"Reuters" vaksinlərdən və kimyəvi maddələrdən tutmuş reaktiv mühərriklərə qədər məhsulların daxil olduğu siyahını dəqiqləşdirə bilməyib.
"Huatai Securities" bildirib ki, siyahı keçən il Çinə 45 milyard dollarlıq idxala uyğundur.
Çinin Gömrük Agentliyi və Ticarət Nazirliyi şərh tələblərinə cavab verməyib.
Vaşinqton Çinlə ticarət mübahisəsinin iqtisadi cəhətdən dayanıqlı olmadığını bildirib, lakin bəzi elektronika üçün tariflərdən azadolma təklif edib. Lakin Çin dəfələrlə bildirib ki, ABŞ 145%-lik tarifləri qaldırmasa, sona qədər mübarizə aparmağa hazırdır.
Lakin Çin iqtisadiyyatı artan işsizlik, deflyasiya təzyiqləri və çoxlu satılmamış ixracatın daxili qiymətləri aşağı sala biləcəyi ilə bağlı narahatlıqlar fonunda ticarət müharibəsinə girib.
Çin 2024-cü ilə qədər təxminən 1 trilyon dollar ticarət profisiti yaratmağa hazırlaşır, lakin o, etan, plastik istehsalında istifadə edilən neft-kimya və bəzi dərmanlar kimi əsas idxalda ABŞ-dan asılı olaraq qalır.
Çin hökumətinin məlumatlarına görə, "AstraZeneca" və GSK kimi böyük əczaçılıq şirkətlərinin ABŞ-da Çində satılan dərmanlar üçün ən azı bir istehsal müəssisəsi var.
Əsas etan emalçıları ABŞ-ın yeganə tədarükçüsü olduğu üçün Pekindən tariflərdən azad olmaq istəyiblər.