SİYASƏT
2 dəqiqə oxuma
Arbitraj Məhkəməsi Hindistanın Hind Suları Müqaviləsini dayandırmaq hüququnun olmadığını bildirib
Pakistan qərarı alqışlayıb, Hindistan isə arbitrajın səlahiyyətini tanımadığını bəyan edib
Arbitraj Məhkəməsi Hindistanın Hind Suları Müqaviləsini dayandırmaq hüququnun olmadığını bildirib
/ Reuters
12 saat əvvəl

Haaqa şəhərində yerləşən Arbitraj Məhkəməsi qərara gəlib ki, Hindistanın onilliklərdir qüvvədə olan Hind Suları Müqaviləsini birtərəfli qaydada dayandırmaq bәyanı həmin müqavilənin müddəalarına ziddir. Qərar Hindistan ilə Pakistan arasında yaranan mübahisələrdə məhkəmənin yurisdiksiyasını bir daha təsdiqləyib.

Məhkəmənin yekdilliklə qəbul etdiyi qərarda qeyd olunub ki, Hindistan bu mexanizmi birtərəfli şəkildə dayandırmaq hüququna malik deyil. Müqavilə tərəflərdən hər ikisi razılığa gəlmədiyi təqdirdə qüvvədə qalmağa davam edir.

“Müqavilənin şərtlərinə görə, Hindistan və Pakistanın qarşılıqlı razılığı olmadan bu müqavilə ləğv edilə bilməz. Mübahisələrin həlli üçün nəzərdə tutulan məcburi üçüncü tərəf mexanizmi birtərəfli şəkildə dayandırıla və ya pozula bilməz, çünki bu, onun funksionallığını zəiflədir”, – deyə məhkəmənin qərarında vurğulanır.

Qeyd edәk ki, Hindistan aprel ayında Hindistan nəzarətindəki Kəşmirdə baş vermiş və 26 nəfərin ölümünə səbəb olmuş hücumu əsas gətirərək müqavilə çərçivəsində əməkdaşlığı dayandırdığını açıqlamışdı. Yeni Dehli rәhbәrliyi yaranmış vәziyyәtin əməkdaşlığı davam etdirməyə imkan vermədiyini iddia edib.

Pakistan isə mәhkәmәnin qərarını məmnunluqla qarşılayaraq bildirib ki, Hindistan nə Arbitraj Məhkəməsinin, nə də neytral ekspertin belə mübahisələri həll etmək səlahiyyətini tanımamaq haqqına sahib deyil. Pakistan Xarici İşlər Nazirliyi bəyan edәrәk deyib: “Hazırda əsas məsələ Hindistan və Pakistan arasında, xüsusilə də Hind Suları Müqaviləsinin icrası ilə bağlı səmərəli dialoqun bərpasıdır.”

Hindistan isə məhkəmə qərarını tamamilə rədd edərək Arbitraj Məhkəməsini səlahiyyətlərini aşmaqda ittiham edib. “Hindistan bu məhkəmənin mövcudluğunu heç vaxt tanımayıb. Ona görә dә məhkəmənin istənilən qərarı qanunsuz və etibarsızdır”, – deyə Yeni Dehli rәhbәrliyinin bəyanatında qeyd olunub.

Xatırladaq ki, Dünya Bankının vasitəçiliyi ilə 1960-cı ildə imzalanmış Hind Suları Müqaviləsi iki nüvə silahlı qonşu dövlət arasında altı çayın istifadəsini tənzimləyir. Müqaviləyə əsasən, şərq çayları Ravi, Bias və Satlec əsasən sərbəst istifadəyə görə Hindistana, qərb çayları Hind, Nilum və Çәnab isə Pakistana ayrılıb. Bununla belə, Hindistan qərb çaylarının sularından tәkcә hidroelektrik enerji istehsalı kimi istehlaka yönəlməyən məqsədlərlə məhdud şəkildə istifadə etmək hüququna malikdir.

 

Kəşmir münaqişəsi

Kəşmir bölgəsi Böyük Britaniyanın Hind yarımadasından çəkilməsindən bu yana iki nüvə dövlətinin arasında davam edən mübahisənin əsas mənbəyi olaraq qalmaqdadır. 1989-cu ildən etibarən bölgədə fəaliyyət göstərən silahlı qruplar Kəşmirin ya müstəqil olması, ya da Pakistanla birləşməsi məqsədilə әrazidə yerləşdirilmiş təxminən yarım milyon Hindistan əsgərinə qarşı mübarizə aparırlar.

Hindistan Pakistanı “terrorizmi” dəstəkləməkdə ittiham edir. Rәsmi İslamabad isə bu ittihamları rədd edir və bəyan edir ki, Pakistan kəşmirlilərin siyasi, mənəvi və diplomatik baxımdan tələblәrini dəstəkləyir.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us