Hindistan və Pakistan arasında hərbi danışıqlar təxirə salınıb. Hindistan ordusunun yaydığı məlumata görə, Hindistan və Pakistanın hərbi əməliyyatlar üzrə komandanları arasında keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb. Bildirilib ki, görüş bazar ertəsi günü axşam saatlarında baş tutacaq.
Hindistan ordusunun yüksək rütbəli rəsmisinin sözlərinə görə, Hindistan tərəfi şənbə günü baş verən atəşkəs pozuntusu ilə bağlı Pakistana "təcili mesaj" göndərib. Mesajda Yeni Dehlinin bu cür insidentlərə cavab vermək niyyətində olduğu bildirilib.
Pakistan ordusunun sözçüsü isə atəşkəsin pozulması ilə bağlı ittihamları təkzib edib.
Gərginlik artıb
Hindistanın 26 turistin ölümü ilə nəticələnən hücumda Pakistanı ittiham etməsindən sonra iki əzəli rəqib arasında münasibətlər daha da gərginləşib. Hər iki tərəf qarşılıqlı olaraq bir-birinin hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəf alıb. Nəticədə onlarla mülki şəxs həyatını itirib.
Pakistan bu ittihamları qəti şəkildə rədd edib və qərəzsiz araşdırmanın aparılması ilə bağlı çağırış edib.
Hindistan çərşənbə günü verdiyi açıqlamada Pakistan və Pakistanın nəzarətində olan Kəşmir ərazisində yerləşən 9 "terror infrastrukturu" obyektinə zərbələr endirdiyini bildirib. Lakin İslamabad bu hədəflərin mülki obyektlər olduğunu qeyd edib.