Türkiyə və Böyük Britaniya “Breksit”dən sonra Azad Ticarət Sazişini xidmətlər, investisiyalar, kənd təsərrüfatı güzəştləri və rəqəmsal ticarəti əhatə edəcək şəkildə genişləndirmək üçün addımlar atır. Bu təşəbbüs mövcud Türkiyə-Böyük Britaniya Azad Ticarət Sazişi əsasında yüksək dəyərli sahələrdə artan ticarət əlaqələrinə cavab vermək məqsədi daşıyır.
Londonda keçirilən Türkiyə-Böyük Britaniya Biznes Forumunda Türkiyənin ticarət naziri Ömər Bolat bu yeniləmənin əhəmiyyətini vurğuladı.
Yeni razılaşma üzrə ilk danışıqlar mərhələsinin iyul ayının sonuna qədər tamamlanması gözlənilir.
“Anadolu” informasiya agentliyinə müsahibəsində Türkiyə-Böyük Britaniya Biznes Şurasının (DEİK) sədri Osman Okyay ölkənin İngiltərəyə ixracatının 2024-cü ildə illik 11 faiz artdığını söyləyərək deyib: “Əlaqələr “Breksit”dən sonra həm miqyas, həm də mürəkkəblik baxımından yeni mərhələyə daxil olub. İxracatımız artıq məhsullardan kənara çıxaraq sistemləri əhatə edir. Müdafiə, AR-GE, mühəndislik, rəqəmsallaşma və yaşıl transformasiya sahələrində daha dərin əməkdaşlığımız olacaq. Bu, artıq sadə bir ticarət əlaqəsi deyil, strateji münasibətdir. Türkiyənin təchizat zənciri gücünü Böyük Britaniyanın etibarlı və uyğunlaşa bilən tərəfdaşlara ehtiyacı ilə birləşdirir.”
Londondakı forumda süni intellekt, rəqəmsal texnologiyalar, yaşıl keçid, tikinti, səhiyyə, maliyyə və təhsil kimi sahələrə diqqət yetirilib.
Okyay qeyd edib ki, “Mövcud Azad Ticarət Sazişi “Breksit”dən sonra iqtisadi əlaqələri qorumağa kömək etdi, lakin kafi olmadı. Daha yüksək əlavə dəyərli sahələri daxil etmək vacib idi. 2023-cü ildən başlayan danışıqlar qarşılıqlı nəticəni göstərir: saziş xidmətlər, investisiyalar, kənd təsərrüfatı güzəştləri və rəqəmsal ticarət kimi təcili və yüksək təsirli 4 sahə üzrə yenilənir. Hazırda kənarda süni intellekt, informasiya mübadiləsi və elektron müqavilələr qalır ki, onlar da zəruridir”.