Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “X”də paylaşdığı mesajda TRT-nin beynəlxalq arenada Türkiyənin səsi olaraq fəaliyyət göstərərək dünyanın aparıcı media təşkilatları sırasında özünə yer etdiyini bildirdi.
TRT-nin 61-ci ildönümü münasibətilə təbriklərini çatdırıb və qurumun məsuliyyətli, qərəzsiz və prinsipial jurnalistikaya sadiqliyini yüksək qiymətləndirib: “Altı onillikdən artıq müddətdə TRT ictimai xidmət və çoxsaylı platformalarda, müxtəlif dillərdə xəbər yayımı həyata keçirir. Beynəlxalq arenada TRT Türkiyənin səsi olaraq dünyanın aparıcı media qurumları arasında öz yerini qazanıb. TRT ailəsinin bütün üzvlərinə uğurlar arzulayaraq işlərində davamlı müvəffəqiyyətlər diləyirək”.
Türkiyənin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun da TRT-ni təbrik edib və qurumu həqiqət axtarışında, milli yaddaşın qorunmasında və qlobal kommunikasiya səylərində əsas sütunlardan biri hesab edib. O “X” platformasında paylaşdığı mesajda bildirib: “TRT millətimizin səsi və dövlətimizin yaddaşıdır. Qurumun altmış illik jurnalistika və ictimai xidməti mükəmməldir. TRT təkcə xəbərləri çatdırmaqla kifayətlənmir, həqiqətin yanında dayanır, dəyərlər yaradır və dövlətlə xalq arasında güclü bir ünsiyyət körpüsü qurur.
Türkiyənin qlobal səsini gücləndirməkdə TRT-nin rolü böyükdür. Qurum hər zaman beynəlxalq ədalət axtarışındadır və kommunikasiya suverenliyini təmsil edir.
Bu gün TRT sadəcə bir media qurumu deyil, həqiqətə, dəyərlərə və perspektivə önəm verən Türkiyənin kommunikasiya modelinin simvoludur.
Prezident Rəcəb Tayyib Ərdoğanın “Türkiyə əsri” baxışı TRT-nin də baxışıdır. Hökumətin strateji kommunikasiya siyasətinin bir hissəsi olaraq TRT institusional gücünü, istehsal qabiliyyətini və qlobal təsirini genişləndirməkdədir.
Hazırkı və keçmiş bütün TRT əməkdaşlarına minnətdarlığımızı ifadə edirik və quruma ictimai yayım yolunda daimi uğurlar arzulayırıq.