Yüksək vəzifəli İsrail rəsmisi bildirib ki, İsrail və “Həmas” bir-iki həftə ərzində Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı razılığa gələ bilərlər. Lakin belə bir razılaşmanın bir gündə yekunlaşması gözlənilmir.
İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri zamanı açıqlama verən rəsmi bildirib ki, əgər tərəflər 60 günlük atəşkəs razılaşmasını qəbul etsələr, İsrail bu müddətdən “Həmas”ın silahı yerə qoymasını tələb edən daimi atəşkəs təklifi üçün istifadə edəcək.
Adının açıqlanmasını istəməyən həmin rəsmi həmçinin deyib: “Əgər ‘Həmas’ bu təklifi rədd edərsə, qətliama davam edəcəyik.”
İsrail müxalifətinin lideri Yair Lapid isə Baş nazir Benyamin Netanyahunun Qəzzanın cənubundakı qondarma “Moraq dəhlizi”ni atəşkəs razılaşmasının əldə olunmasına maneə kimi göstərməsini sərt şəkildə tənqid edib.
Yair Lapid İsrailin İctimai Yayım Orqanına (KAN) verdiyi müsahibədə “Netanyahu razılaşmanın qarşısını almaq üçün süni maneələr yaradır” deyib.
İsrailin Qəzzada törətdiyi qətliam
İsrail 2023-cü il oktyabrın 7-dən bəri mühasirə altında olan Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla 57.500-dən çox fələstinlini qətlə yetirib.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata görə, təxminən 11.000 fələstinlinin dağıntılar altında qaldığı ehtimal olunur.
Mütəxəssislər isə bildirirlər ki, Qəzzada real itki sayı Fələstin rəsmilərinin açıqladığı rəqəmləri xeyli üstələyir və bu sayın 200.000 nəfərə çata biləcəyi təxmin edilir.
Soyqırım zamanı İsrail bölgənin böyük hissəsini viran qoyub və demək olar ki, bütün əhalini məcburi köçkün vəziyyətinə salıb.