ABŞ dövlət katibi Marko Rubio və Çin xarici işlər naziri Vanq Yi ticarət, müdafiə və digər sahələrdəki davam edən gərginlik fonunda iyulun 11-də Malayziyada ilk təkbətək görüşlərini keçirəcəklər. Görüş Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) paytaxt Kuala-Lumpurda təşkil olunan Xarici İşlər Nazirləri toplantısı çərçivəsində baş tutacaq.
‘‘The Washington Post’’un məlumatına görə, bu görüş ABŞ-Çin münasibətlərində mühüm dönüş nöqtəsinə çevrilə bilər. Hər iki ölkə ASEAN-a üzv olmasalar da, Cənub-Şərqi Asiya ölkələrini öz siyasi və iqtisadi təsir dairələrinə cəlb etmək üçün fəal şəkildə çalışırlar. Bununla belə, region ölkələrinin əksəriyyəti tərəf seçməkdə ehtiyatlı davranmağa davam edir.
ABŞ dövlət katibinin açıqladığı rəsmi cədvələ əsasən, Rubio və Vanq bu gün günortadan sonra bir araya gələcəklər. M.Rubio bildirib ki, cümə axşamı baş tutacaq görüşdə rəsmi Pekinin Ukraynadakı müharibədə Rusiyaya göstərdiyi dəstəyi gündəmə gətirməyi planlaşdırır.
M.Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdən sonra verdiyi açıqlamada deyib: “Çinlilər Rusiyanın səylərini açıq şəkildə dəstəkləyirlər.’’
Senatda 14 illik fəaliyyəti dövründə Çinə qarşı sərt mövqeyi ilə tanınan Respublikaçı senator Marko Rubio 2020-ci ildə Pekin tərəfindən qara siyahıya salınıb və hazırda da Çin sanksiyalar siyahısında yer alır. Dövlət katibi vəzifəsinə təyin edildikdən qısa müddət sonra Rubio ilə Vanq arasında ilk telefon danışığı baş tutub.