ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə iki gün ərzində ikinci dəfə görüşüb.
Tərəflər çərşənbə axşamı mətbuata qapalı görüş keçiriblər. Qeyd edək ki, bu, Netanyahunun yanvar ayından bəri ABŞ-a üçüncü səfəridir.
Danışıqlar Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun İsraillə ‘‘Həmas’’ arasında həll olunmamış məsələlərin sayının dörddən birə endiyini və yaxın zamanda irəliləyiş əldə olunacağına ümid etdiyini bildirdiyi vaxta təsadüf edir.
"Ümid edirik ki, bu həftənin sonuna qədər bizi 60 günlük atəşkəsə aparacaq razılaşma əldə olunacaq. On əsir azad ediləcək, doqquz cəsəd geri qaytarılacaq", – deyə Stiv Vitkof Nazirlər Kabinetinin iclasında jurnalistlərə bildirib.
İsrail və ‘‘Həmas’’ arasında dolayı danışıqlara ev sahibliyi edən Qətərdən bir nümayəndə heyəti Ağ Evin yüksək səviyyəli rəsmiləri ilə görüşüb. Axios-un məlumatına görə, Ağ Ev bu görüşlə bağlı hər hansı şərh verməyib.
‘‘Kapitol Hill’’də Konqres üzvləri qarşısında çıxış edən Netanyahu bildirib ki, İsrailin Qəzzadakı əməliyyatları hələ başa çatmayıb, lakin müzakirəçilər atəşkəslə bağlı intensiv şəkildə çalışırlar.
"Biz Qəzzadakı işi başa çatdırmalıyıq. Bütün əsirlərimizi azad etməli, ‘‘Həmas’’ın hərbi və idarəetmə potensialını aradan qaldırmalı və onu məhv etməliyik", – deyə B.Netanyahu vurğulayıb.
İsrail baş naziri ABŞ-ın vitse-prezidenti J.D. Vance və Nümayəndələr Palatasının spikeri Mayk Consonla da görüşüb.