SİYASƏT
2 dəqiqə oxuma
D.Tramp mis idxalına 50% rüsum tətbiq ediləcəyini açıqladı
D.Tramp bu barədə Ağ Evdə keçirilən Nazirlər Kabineti iclasında jurnalistlərə açıqlama verib.
D.Tramp mis idxalına 50% rüsum tətbiq ediləcəyini açıqladı
/ AP
5 saat əvvəl

ABŞ Prezidenti Donald Trampın elektromobillər, hərbi texnika, enerji şəbəkəsi və digər mühüm məhsulların istehsalında istifadə olunan misə 50% gömrük rüsumu tətbiq ediləcəyini elan etməsindən sonra ABŞ-ın ‘‘Comex’’ birjasında mis fyuçerslərinin qiyməti 12%-dən çox artaraq rekord səviyyəyə çatıb.

D.Tramp bu barədə Ağ Evdə keçirilən Nazirlər Kabineti iclasında jurnalistlərə açıqlama verib. “Düşünürəm ki, misə tətbiq olunacaq gömrük rüsumu 50% olacaq”, – deyə Donald Tramp bildirib.

ABŞ-ın ticarət naziri Hovard Lutnik isə Trampın açıqlamasından sonra CNBC-yə verdiyi müsahibədə mis tariflərinin çox güman ki, iyulun sonu və ya avqustun 1-dən qüvvəyə minəcəyini deyib. O, həmçinin bildirib ki, Tramp məsələ ilə bağlı təfərrüatları çərşənbə axşamı “Truth Social” platformasında paylaşıb.

RBC Capital Markets-in analitikləri isə qeyd ediblər ki, vergi qüvvəyə minərsə, bu, misin qiymətində və mis şirkətlərinin səhmlərində qısamüddətli dalğalanmalara səbəb ola bilər.

Hazırda ABŞ mis ehtiyacının təxminən yarısını idxal edir və ölkədə cəmi üç mis əritmə zavodu fəaliyyət göstərir. Mis əsasən tikinti, nəqliyyat, elektronika və digər sənaye sahələrində geniş istifadə olunan əsas metaldır.

ABŞ-ın yeni tariflərindən ən çox təsirlənəcək ölkələr arasında Çili, Kanada və Meksika yer alır. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, bu ölkələr 2024-cü ildə ABŞ-a təmizlənmiş mis, mis ərintiləri və mis məhsullarının əsas təchizatçıları olub.

Çili, Kanada və Peru artıq ABŞ administrasiyasına müraciət edərək, öz ölkələrindən edilən mis idxalının ABŞ maraqlarına təhlükə yaratmadığını və buna görə də tariflərə tabe olmamalı olduğunu bildiriblər. Hər üç ölkənin ABŞ ilə azad ticarət sazişi mövcuddur.

Meksika İqtisadiyyat Nazirliyi və Kanada Maliyyə Nazirliyi məsələ ilə bağlı şərh verməyib. Çili Xarici İşlər Nazirliyi isə hələ rəsmi bildiriş almadıqlarını açıqlayıb. Çili Mədən Nazirliyi isə şərh verməkdən imtina edib.

Çilinin ən böyük mis istehsalçısı olan “Codelco” şirkətinin prezidenti Maksimo Paçeko tarifin hansı mis məhsullarını əhatə edəcəyini və bütün ölkələrə şamil olunub-olunmayacağını öyrənmək istədiklərini bildirib.

Kanada Mədən Dərnəyinin prezidenti Piere Qraton isə vergilərin, o cümlədən Kvebekdəki “Glencore’s Horne” kimi mis zavodlarını narahat etdiyini deyib. Qraton ABŞ səlahiyyətlilərindən “232 hesabatı” gözlədiklərini qeyd edib.

“Saxo Bank”ın əmtəə strategiyası üzrə rəhbəri Ole Hansen isə bildirib ki, mis idxalına 50% rüsumun tətbiqi ABŞ şirkətləri üçün ciddi problemlər yaradacaq. Onun sözlərinə görə, ABŞ daxili istehsalla öz mis tələbatını ödəməkdən çox uzaqdır və belə bir qərar daxili sənayeni çətin vəziyyətə sala bilər.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us