Rusiya gecə saatlarında Kiyevə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücumlar həyata keçirib. Əldə olunan məlumata görə, hücum nəticəsində iki nəfər həlak olub, azı 16 nəfər yaralanıb, paytaxtın beş rayonunda isə yanğınlar baş verib.
Kiyev meri Vitali Kliçko bildirib ki, hava hücumları zamanı vurulan pilotsuz təyyarə və raketlərin qalıqları bir neçə yaşayış məntəqəsinə düşərək binalara ziyan vurub və yanğınlara səbəb olub.
Şevçenkovski rayonunda vurulan hədəflərin qalıqları bəzi binaların yuxarı mərtəbələrinə ciddi ziyan vurub və nəticədə yanğınlar baş verib. Darnitski rayonunda qarajlar və yanacaqdoldurma məntəqəsi, Solomenski rayonunda isə evakuasiya edilmiş binanın dam örtüyü yanıb. Podolski rayonunda yerləşən klinika demək olar ki, tamamilə dağıdılıb. Qoloseyevski rayonunda isə PUA qalıqları yük maşınına çırpılıb.
Kliçko hücum nəticəsində iki nəfərin həyatını itirdiyini, yaralanan 16 nəfərdən 10-nun xəstəxanaya yerləşdirildiyini bildirib. Rəsmilər sığınacaqlardan evlərinə qayıdan sakinləri təhlükəsizlik məqsədilə pəncərələrini bağlı saxlamağa çağırıblar.
Kiyevin hərbi administrasiyası hücumların regionda da dağıntılara səbəb olduğunu, evlərə və digər tikililərə ziyan dəydiyini açıqlayıb. Dörd rayonda yanğınların baş verdiyi, Obuxov rayonunda isə bir nəfərin yaralanaraq xəstəxanaya yerləşdirildiyi bildirilib.
Ukrayna tərəfi bildirib ki, Rusiya bir gün əvvəl 728 pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib. İyulun 4-də baş verən başqa bir hücum isə 539 PUA və 11 raketlə icra olunub.
“New York Times” qəzetinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Ukraynanın müdafiə qüvvələrinin bu qədər intensiv təzyiqə uzun müddət tab gətirə bilməyəcəyinə inanır.
Baş verən hücumlardan sonra ABŞ administrasiyası Ukraynaya daha çox silah yardımı göstərəcəyini vəd edib. Yardım paketinin detalları yaxın günlərdə açıqlanacağı gözlənilir.