SİYASƏT
2 dəqiqə oxuma
D.Tramp:''14 ölkədən idxal olunan məhsullara yeni gömrük rüsumları tətbiq olunacaq''
O, bu addımın ABŞ-ın ticarət balansını bərpa etməyə yönəldiyini bildirib
D.Tramp:''14 ölkədən idxal olunan məhsullara yeni gömrük rüsumları tətbiq olunacaq''
/ Reuters
6 saat əvvəl

ABŞ Prezidenti Donald Tramp Yaponiya, Cənubi Koreya və digər ölkələrdən idxal olunan məhsullara yeni gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlayıb. O, bu addımın ABŞ-ın ticarət balansını bərpa etməyə yönəldiyini bildirib.

Yeni qərara əsasən, Yaponiya və Cənubi Koreyadan idxal edilən məhsullara 25 faizlik gömrük rüsumu tətbiq olunacaq. Tariflər 1 avqust tarixindən qüvvəyə minəcək.

Donald Tramp Yaponiyanın Baş naziri İşiba Şiqeru və Cənubi Koreya prezidenti Li Çje-Myona ünvanladığı məktubda qeyd edib: "Təəssüf ki, əlaqələrimiz qarşılıqlı və ədalətli münasibət prinsiplərindən uzaqdır."

ABŞ prezidenti hər iki ölkəyə bu tariflərdən yayınmaq üçün istehsalatı ABŞ ərazisinə köçürməyi təklif edib. O, xəbərdarlıq edib ki, əgər bu ölkələr cavab rüsumları tətbiq etsələr, bu, ABŞ tərəfindən daha sərt tədbirlərlə qarşılanacaq:
"Əgər hər hansı səbəbdən siz də tariflərinizi artırmaq qərarına gəlsəniz, bu artım nə qədər olursa olsun, biz həmin rüsuma əlavə 25% tətbiq edəcəyik."

Ağ Evin mətbuat katibi Karolin Levit açıqlamasında bildirib ki, prezident Donald Tramp gömrük rüsumlarının tətbiqini 9 iyuldan 1 avqusta qədər təxirə salan sərəncam imzalayacaq.

K.Levit deyib: "ABŞ rəhbərliyi, prezident və ticarət komandası Amerika xalqı və işçiləri üçün ən sərfəli razılaşmaları əldə etməyə çalışır."

Qeyd edək ki, yeni rüsumlar Yaponiya və Cənubi Koreya ilə yanaşı daha 12 ölkədən idxal olunan məhsulları da əhatə edəcək.

Malayziya, Qazaxıstan, Tunis – 25 faiz

Cənubi Afrika, Bosniya və Herseqovina – 30 faiz

İndoneziya – 32 faiz

Serbiya, Banqladeş – 35 faiz

Kamboca, Tayland – 36 faiz

Laos, Myanma – 40 faiz

ABŞ Prezidenti Donald Tramp bildirib ki, yeni gömrük tarifləri ABŞ-ın davamlı ticarət kəsirinə və ixracını məhdudlaşdıran xarici siyasətə cavab olaraq tətbiq olunub.

“Bu tariflər ölkənizlə münasibətlərimizdən asılı olaraq artırıla və ya azaldıla bilər. Siz ABŞ-dan heç vaxt məyus olmayacaqsınız,” – deyə D.Tramp Yaponiya və Cənubi Koreya liderlərinə ünvanladığı məktublarda qeyd edib.

Trampın açıqlamasından sonra maliyyə bazarlarında kəskin eniş müşahidə olunub.

“Dow Jones” sənaye indeksi 422 bənd və ya 0,94%, S&P 500 indeksi 0,79%, Nasdaq isə 0,92% dəyər itirib.

Yaponiya avtomobil istehsalçılarının səhmləri böyük itkilərlə üzləşib.

Toyota – 4%, Nissan – 7,16%,Honda – 3,86% dəyər itirib.

İqtisadçılar xəbərdarlıq edirlər ki, yeni tariflər ABŞ-da istehlak məhsullarının, xüsusilə Yaponiya və Cənubi Koreyadan idxal olunan avtomobillər, elektronika və maşınqayırma avadanlıqlarının qiymətlərini artıracaq.

ABŞ Ticarət Departamentinin məlumatına görə, ötən il D.Trampın tarif siyahısında olan ilk yeddi ölkədən idxal edilən məhsulların ümumi dəyəri 351 milyard dollar təşkil edib. Bunun 280 milyard dolları isə yalnız Yaponiya və Cənubi Koreyadan idxal olunan məhsulların payına düşüb.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us