SİYASƏT
2 dəqiqə oxuma
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi İranın xarici işlər naziri ilə görüşdü
İyulun 8-də baş tutan görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi İranın xarici işlər naziri ilə görüşdü
/ User Upload
4 saat əvvəl

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ciddədə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
İyulun 8-də baş tutan görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub. Bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA xəbər agentliyi məlumat yayıb.

Abbas Əraqçi Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud və müdafiə naziri Xalid bin Salman ilə də ayrı-ayrılıqda görüşlər keçirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ‘‘X’’ platformasında paylaşım edərək bu görüşləri “məhsuldar” adlandırıb.

A. Əraqçinin səfəri Tehranla Vaşinqton arasında diplomatik münasibətlərin canlandığı bir vaxta təsadüf edir.

Abbas Əraqçinin "Financial Times"da dərc olunan məqaləsində bu ifadələrə yer verilib: “ABŞ səfiri ilə doqquz həftə ərzində baş tutan beş görüşdə, Bayden administrasiyası ilə əvvəlki dörd ildə apardığım danışıqlardan daha çox irəliləyiş əldə etmişdim.’’

A.Əraqçi vurğulayıb ki, İran diplomatik danışıqlara açıqdır. Lakin o, ABŞ-ın daha güclü öhdəlik göstərmədiyi təqdirdə gələcək danışıqların davam etdirilməsinin mümkünlüyünə şübhə ilə yanaşdığını bildirib.

O, həmçinin Vaşinqtonun danışıqlar masasına qayıtmağa hazır ola biləcəyi ilə bağlı mesajlar aldıqlarını və İranın BMT-nin nəzarəti altında dinc nüvə proqramına sadiq olduğunu bir daha bəyan edib.

İsraillə son toqquşmalara toxunan A.Əraqçi rəsmi Tehranın hücumlara sərt cavab verdiyini və təmkinli olmağın zəiflik kimi qəbul edilməməsinin vacibliyini bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranla danışıqların bazar ertəsi üçün planlaşdırıldığını təsdiqləyib. O, Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı bu barədə açıqlama verərək “Onlar danışmaq istəyirlər”, – deyə bildirib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us