Texas ştatında baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayı 119-a çatıb, 170-dən çox insanın isə itkin düşdüyü bildirilir. Bu barədə yerli səlahiyyətlilər məlumat yayıblar.
Daşqınlardan ən çox zərər görən Ker Kountidə 95 nəfərin həlak olduğu təsdiqlənib. Səlahiyyətlilər yalnız bu rayonda 161 nəfərin itkin düşdüyünü açıqlayıblar. Onlar arasında Qvadalupe çayı yaxınlığındakı yay düşərgəsində olan beş nəfər və onları müşayiət edən bələdçilər də var.
Fəlakətdən sonra evlərinə qayıdan sakinlər böyük dağıntılarla qarşılaşıblar. Rəsmilər dağıntıların təmizlənməsi üçün ağır texnikadan istifadə edildiyini bildirərək, axtarış-xilasetmə qruplarının işinə maneə törədilməməsi üçün sakinlərə müraciət ediblər.
Ker Kounti bölgəsinin şerifi Lari Leita vəziyyətin ciddi olduğunu vurğulayaraq deyib: “Bu, hər kəsin məsuliyyət daşıdığı və birlikdə hərəkət etməli olduğu bir vəziyyətdir.”
Siren sisteminin olmaması və kommunikasiya problemləri bölgədə narahatlıq və məyusluğu daha da artırıb. Qeyd olunur ki, Ker Kounti bölgəsi 2015-ci ildən etibarən daşqın xəbərdarlıq sisteminin qurulması üçün federal qrant almağa çalışır.
Baş vermiş daşqınları “böyük fəlakət” adlandıran ABŞ Donald Tramp administrasiyası xilasetmə işlərinə dəstək məqsədilə federal resursları səfərbər edib.
Texas ştatının qubernatoru Qreq Abbot iyulun 9-da verdiyi bəyanatda bildirib ki, təbii fəlakətlə əlaqədar bölgəyə 2200-dən çox xilasedici, 1200 ədəd texnika və avadanlıq göndərilib. O, həmçinin bildirib ki, hazırda 20-dən çox dövlət qurumu xilasetmə və yardım əməliyyatlarında iştirak edir.