Pakistan rəsmilərinin iyulun 28-də (bu gün) verdiyi məlumata görə, Pakistan təhlükəsizlik qüvvələri gecə saatlarında həyata keçirdikləri reyd zamanı, ötən il ölkənin cənubundakı liman şəhəri Kəraçidə yerləşən tekstil fabrikində işləyən iki Çin vətəndaşının yaralanması ilə nəticələnmiş hücumu planlaşdırmaqda ittiham olunan üç terrorçunu zərərsizləşdirib.
Pakistan DİN-in Terrorla Mübarizə Departamentinin baş müfəttişi Azad Xan bildirib ki, zərərsizləşdirilən silahlılar arasında 2024-cü ilin noyabrında baş vermiş hücumun əsas planlaşdırıcısı da var. Onun şəxsiyyəti təkcə "Zafran" adı ilə açıqlanıb və Pakistan Talibanı kimi tanınan “Təhriki-Taliban Pakistan” (TTP) qruplaşmasının üzvü olduğu bildirilir.
"Dawn" qəzetinin yaydığı məlumata əsasən, əməliyyat Terrorla Mübarizə İdarəsi və kəşfiyyat orqanları tərəfindən Kəraçi şəhərinin Manqopir qəsəbəsində aparılıb.
Qeyd edək ki, Çin tərəfi Pekin rəhbərliyinin milyardlarla dollar dəyərində həyata keçirdiyi Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) çərçivəsində yolların, dəmir yollarının və enerji stansiyalarının tikintisində çalışan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün Pakistana təzyiqlərini davam etdirir.
Çin vətəndaşları son illər Pakistan hökumətinin qadağan etdiyi və ABŞ tərəfindən də terror təşkilatı kimi tanınan TTP və Bəlucistan Azadlıq Ordusu kimi separatçı qrupların artan hücumlarına hədəf olurlar.
Rəsmi İslamabad xüsusiylə fabriklərdə işləyənlər də daxil olmaqla Çin vətəndaşlarının təhlükəsizliyini gücləndirəcəyinə söz verib.
Tirah vadisində qanlı toqquşma
Digər tərəfdən, yerli hakimiyyət nümayəndəsi Fəyaz Xan 27 iyulda Xeybər-Paxtunxva əyalətinə daxil olan Tirah vadisində təxminən yeddi nəfərin öldüyünü açıqlayıb.
F.Xan bildirib ki, həftəsonu bölgəyə atılan minaatan mərmisi nəticəsində bir uşağın həlak olmasından sonra yüzlərlə sakin qorunma və ədalət tələbi ilə ərazidəki hərbi düşərgənin qarşısında toplaşıb. Bundan sonra izdihama naməlum silahlı şəxslər atəş açıblar.
Fəyaz Xan qeyd edib ki, etirazçılar bəzi iştirakçıların hərbi düşərgəyə daş atmasından sonra ordu qüvvələrinin atəş açdığını iddia edir. Lakin polis hələlik ölənlərin kimin tərəfindən vurulduğunu müəyyənləşdirə bilməyib.
O, həmçinin yaxınlıqdakı təpələrdən də atəş səslərinin eşidildiyini bildirib və əlavə edib ki, hüquq-mühafizə orqanları bu insidentin TTP tərəfindən xalq ilə ordu arasında qarşıdurma yaratmaq məqsədilə təşkil olunmasından şübhələnirlər.
Hökumət Tirah vadisində baş verən qanlı insidentlə bağlı rəsmi araşdırma başladıldığını açıqlayıb.