Britaniyanın baş naziri bəyan edib ki, əgər İsrail Qəzzada soyqırıma son qoymasa və iki dövlətli həll yolunu dəstəkləməzsə, BMT sentyabrda Fələstin dövlətini tanıyacaq.
İsrail Britaniya hökumətinin sentyabrda Təl-Əvivin Qəzzada “dəhşətli vəziyyətə son qoymaq üçün konkret addımlar atmayacağı” təqdirdə Fələstin dövlətini tanımaq qərarını rədd edərək, bu addımı “HƏMAS üçün mükafat” adlandırıb.
İsrail Xarici İşlər Nazirliyi iyulun 29-da verdiyi açıqlamada "İngiltərə hökumətinin Fransanın atdığı addım və daxili siyasi təzyiqdən sonra mövqe dəyişikliyi HƏMAS üçün mükafatdır və Qəzzada atəşkəsə nail olmaq və girovları azad etmək səylərinə balta vurur" deyib.
Britaniyanın Baş naziri Kir Starmer İsrailin Qəzzada qətliamın dayandırılması üçün konkret addımlar atmaması, atəşkəsə razılıq verməməsi və uzunmüddətli sülh prosesini dəstəkləməməsi halında hökumətinin sentyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin dövlətini tanıyacağını açıqlayıb.
Starmer "İsrail Qəzzada dəhşətli vəziyyətə son qoymaq üçün konkret addımlar atmazsa, atəşkəsə razı olmazsa və davamlı sülhü dəstəkləməzsə, Böyük Britaniya sentyabrda Fələstini tanıyacaq" deyib.
Ötən həftə Fransa prezidenti Emmanuel Makron sentyabrda BMT Baş Assambleyasında Fransanın Fələstin dövlətini tanıyacağını təsdiqləyib.
Qeyd edək ki, Fələstin BMT-yə üzv olan 193 ölkədən 149-u tərəfindən tanınıb. İsrailin 2023-cü ilin oktyabrında Qəzzada soyqırım əməliyyatlarına başlamasından sonra bu ölkələrin sayı artıb.
Humanitar böhran təzyiqi artırır
Böyük Britaniyanın mövqeyi İsrailə artan daxili və beynəlxalq təzyiqlər fonunda ortaya çıxıb. İsrailə təzyiq edilir ki, qətliamı dayandırsın və mühasirəyə alınmış Qəzzaya humanitar yardım göndərsin.
Yerli səhiyyə rəsmilərinin məlumatına görə, İsrail qüvvələri 2023-cü il oktyabrın 7-dən Qəzzada soyqırım törədib və 60 mindən çox fələstinlini qətlə yetirib.
İyulun 28-də İsrailin insan hüquqları təşkilatları "B'Tselem" və İsrail İnsan Hüquqları Həkimləri İsrail hökumətini Qəzzada soyqırım törətməkdə ittiham ediblər.
Təşkilatların birgə bəyanatında Fələstin cəmiyyətinin sistematik şəkildə məhv edilməsi və bu ərazidə səhiyyə sisteminin çökməsi vurğulanıb.
Noyabr ayında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsinə order verib.
İsrail həmçinin Qəzzada davam edən soyqırımla bağlı Beynəlxalq Ədalət Məhkəməsində soyqırım işi ilə qarşı-qarşıyadır.