Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Hakan Fidan avqustun 1-də İstanbulda "Həmas"ın Rəhbərlik Şurasının sədri Məhəmməd İsmayıl Dərvişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Hakan Fidan görüş zamanı İsrailin fələstinliləri Qəzzadan çıxarmaq və işğal altındakı İordan çayının qərb sahilini ilhaq etmək istiqamətində atdığı addımları qəbuledilməz adlandırıb.
“Həmas” nümayəndə heyəti görüşdə Qəzzaya çatdırılan humanitar yardımın ehtiyaclarla müqayisədə çox az olduğunu bildirib və İsrailin atəşkəs danışıqlarında barışmaz mövqeyini kəskin tənqid edib.
Nazir Fidan qeyd edib ki, İsrail Qəzza xalqını aclıqla üz-üzə qoyaraq soyqırım siyasətini davam etdirir. Onun sözlərinə görə, bu yanaşma Netanyahu hökumətinin atəşkəsə nail olmaqda ciddi olmadığını göstərir. Hakan Fidan qeyd edib ki, İsrail atəşkəs danışıqlarını qəsdən uzadaraq Qəzza xalqının müqavimətini qırmağa çalışır.
Türkiyənin danışıqların davam etdirilməsinə dəstəyini bir daha vurğulayan Hakan Fidan Fələstin məsələsinə beynəlxalq dəstəyin artdığını bildirib. O, qeyd edib ki, getdikcə daha çox ölkə Fələstin dövlətini tanıyır, İsrail isə beynəlxalq aləmdə təcrid olunmaqda davam edir.
Türkiyənin XİN rəhbəri həmçinin vurğulayıb ki, Türkiyə Fələstin xalqına dəstəyini heç vaxt azaltmayacaq və bu mövqeyini davam etdirəcək.
Xatırladaq ki, beynəlxalq atəşkəs çağırışlarını rədd edən İsrail ordusu 2023-cü il oktyabrın 7-dən etibarən Qəzzaya qarşı hərbi əməliyyatlarını davam etdirir. Amansız bombardmanlar nəticəsində Qəzza viran qalıb, bölgədə ciddi humanitar böhran yaşanır.