İsrail döyüş təyyarələri Suriyanın cənubundakı Suveyda şəhərinə yeni hava zərbəsi endirib. Bu barədə SANA xəbər agentliyi məlumat yayıb. Məlumata əsasən, hücum zamanı şəhərin ətrafındakı yaşayış məntəqələri hədəf alınıb.
Hücum Suriya Daxili İşlər Nazirliyinin şəhərdə yeni atəşkəs razılaşmasını təsdiqləməsindən bir gün sonra baş verib. Sözügedən razılaşma, ölkənin cənub əyalətinin mərkəzi hökumətə tam reinteqrasiyasını nəzərdə tutur.
İsrail druz icmasını qorumaq bəhanəsi ilə Suveyda və Daraa bölgələrini hədəf alır.
ABŞ isə İsrailin bu hücumlarını dəstəkləmədiyini açıqlayıb.
Belə ki, iyulun 17-də ABŞ müttəfiqi İsrailin Suriyada həyata keçirdiyi hücumlara qarşı olduğunu bəyan edib. Bu açıqlama Vaşinqton və Ankaranın bölgədə zorakılığa son qoymaq məqsədilə əldə etdiyi razılaşmadan bir gün sonra verilib.
ABŞ Dövlət Departamentinin sözçüsü Tami Brus jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ İsrailin son hücumlarını dəstəkləmir:
“Həm mövcud böhranı həll etmək, həm də iki suveren dövlət arasında uzunmüddətli razılaşma əldə etmək üçün İsrail və Suriya ilə yüksək səviyyədə diplomatik danışıqlar aparırıq,” – deyə Tami Brus qeyd edib.
Tami Brus ABŞ-ın İsraildən narazılığını rəsmi şəkildə ifadə edib-etmədiyi və ya gələcək hücumlara qarşı mövqe sərgiləyib-sərgiləməyəcəyi ilə bağlı şərh verməkdən imtina edib.
ABŞ dövlət katibi Marko Rubio isə İsrailin Dəməşqdəki Suriya Müdafiə Nazirliyini hədəf alan hücumları ilə bağlı sualı cavablandırarkən narahatlığını ifadə edib.
Rubio daha sonra İsrailin konkret hücumlarına toxunmadan, bölgədəki zorakılıqla bağlı ümumi narahatlığını dilə gətirən bir bəyanatla çıxış edib.
Qeyd edək ki, İsrail Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyanı dəfələrlə hədəf alıb.
ABŞ prezidenti Donald Tramp isə cümə axşamı İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı Suriyanın yeni lideri Əhməd Şəraa, Türkiyə və Səudiyyə Ərəbistanı ilə daha yaxşı əlaqələr qurmağı hədəflədiyini bildirib.