SİYASƏT
2 dəqiqə oxuma
D.Tramp bir sıra ölkəyə 10 faizdən çox gömrük rüsumu tətbiq etməyi planlaşdırır
Bu barədə D.Tramp jurnalistlərə açıqlamasında bildirib
D.Tramp bir sıra ölkəyə 10 faizdən çox gömrük rüsumu tətbiq etməyi planlaşdırır
/ Reuters
15 saat əvvəl

ABŞ Prezidenti Donald Tramp bəzi ölkələrə, o cümlədən Afrika və Karib hövzəsindəki kiçik dövlətlərə 10 faizdən çox gömrük rüsumu tətbiq etməyi planlaşdırdığını açıqlayıb. O, İndoneziyadan ABŞ-a idxal olunan məhsullara isə 19 faiz gömrük rüsumu tətbiq ediləcəyini bildirib.

Bu barədə D.Tramp jurnalistlərə verdiyi açıqlamada məlumat verib. Tariflərin avqustun 1-dən qüvvəyə minməsi gözlənilir.

ABŞ-ın ticarət naziri Hovard Lutnik qeyd edib ki, sözügedən ölkələrin əksəriyyəti Afrika və Karib hövzəsində yerləşir və ABŞ-ın ümumi ticarət dövriyyəsində bu ölkələrin payı nisbətən azdır. Onun sözlərinə görə, yeni tariflərin Trampın ticarət balanssızlığını azaltmaq məqsədinə ciddi təsir göstərəcəyi gözlənilmir.

İndoneziya ilə bağlı Donald Tramp bildirib ki, gömrük rüsumu əvvəlcədən nəzərdə tutulan 32 faizdən xeyli aşağı – 19 faiz səviyyəsində müəyyən edilib.

D.Tramp bu barədə "Truth Social" platformasında da paylaşım edərək deyib:
"İndoneziya ABŞ-dan 15 milyard dollar dəyərində enerji məhsulu, 4,5 milyard dollarlıq kənd təsərrüfatı məhsulu və əksəriyyəti Boeing 777 modeli olmaqla 50 təyyarə almağı öhdəsinə götürüb."

D.Tramp iyirmiyə yaxın ölkəyə və Avropa İttifaqına yeni tariflərlə bağlı məktublar göndərib. Bu tariflər D.Trampın aprel ayında bəyan etdiyi və bazarda dalğalanmaya səbəb olan yüksək idxal rüsumları siyasətinin davamıdır.

Həmin vaxt Prezident 90 günlük danışıqlar mərhələsi başlamışdı və bu müddət iyulun 9-da başa çatıb.

D.Tramp həmçinin bildirib ki, ayın sonuna qədər əczaçılıq məhsullarının idxalına da yeni tariflər tətbiq oluna bilər və bununla bağlı ayrıca açıqlama veriləcək. O, qeyd edib ki, kompüter çipləri üzrə yeni tariflər mərhələli şəkildə – əvvəlcə aşağı səviyyədən başlayaraq, daxili istehsalı təşviq etmək məqsədilə zamanla artırılacaq.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us