TÜRKİYƏ
2 dəqiqə oxuma
İtaliya qeyri-qanuni miqrasiya ilə mübarizədə Türkiyənin rolunu yüksək qiymətləndirdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İtaliyanın Baş naziri Corcia Meloni və Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe arasında baş tutan görüşdə ortaq regional problemlər, xüsusilə qeyri-qanuni miqrasiya məsələləri müzakirə olunub
İtaliya qeyri-qanuni miqrasiya ilə mübarizədə Türkiyənin rolunu yüksək qiymətləndirdi
/ AA
2 avqust 2025 г.

İstanbulda keçirilən Türkiyə–Liviya–İtaliya üçtərəfli zirvə görüşü çərçivəsində İtaliya Türkiyə ilə qeyri-qanuni miqrasiya axınlarının idarə olunmasında əldə edilən nəticələri yüksək qiymətləndirib və bu əməkdaşlığın nəticələrini “əla” adlandırıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İtaliyanın Baş naziri Corcia Meloni və Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe arasında baş tutan görüşdə ortaq regional problemlər, xüsusilə qeyri-qanuni miqrasiya məsələləri müzakirə olunub.

İtaliyanın Baş naziri Corcia Meloni görüş zamanı Türkiyə ilə bu sahədə əməkdaşlıqda əldə olunan uğurları yüksək dəyərləndirib. O, Türkiyənin bu sahədə qazandığı təcrübədən faydalanaraq Liviyanın da miqrasiya idarəçiliyində bu modeli tətbiq etməsinə maraqlı olduqlarını bildirib.

İtaliya hökumətinin görüşdən sonra yaydığı rəsmi bəyanatda qeyd olunur:
“Baş nazir Corcia Meloni həmkarları ilə keçirdiyi görüşdə insan alveri və qaçaqmalçılığı ilə məşğul olan beynəlxalq cinayət şəbəkələrinə qarşı mübarizə, qeyri-qanuni miqrasiya axınlarının qarşısının alınması və Liviyanın üzləşdiyi miqrasiya təzyiqi ilə mübarizəsinə dəstək məqsədilə bir sıra tədbirlər müzakirə edilib.”

Görüş zamanı liderlər Liviyanın birliyi, müstəqilliyi və siyasi sabitliyinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Corcia Meloni həmçinin BMT-nin dəstəklədiyi və liviyalıların rəhbərlik etdiyi siyasi prosesə dəstək verdiklərini bildirib. O, Liviyada etibarlı və ədalətli seçkilərin keçirilməsi üçün əlverişli mühitin yaradılmasının vacibliyini vurğulayıb.

Tərəflər yaxın zamanda atılacaq konkret addımların müəyyənləşdirilməsi üçün texniki danışıqların bərpası barədə razılığa gəliblər.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi də açıqlamasında Aralıq dənizi hövzəsində regional problemlərin, xüsusilə qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə üçtərəfli əməkdaşlığın əhəmiyyətini bir daha diqqətə çatdırıb.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us