İran İsrailin Suriyadakı son hücumlarını sərt şəkildə pisləyib və bu hücumların beynəlxalq sülh və təhlükəsizlik üçün görünməmiş təhdid təşkil etdiyini bəyan edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlamasında İsrailin artan təcavüzkar addımlarına qarşı İslam Əməkdaşlıq Təşkilatını (İƏT) və Birləşmiş Millətlər Təşkilatını (BMT) dərhal və qətiyyətli tədbirlər görməyə çağırıb.
İsmayıl Bəqai bildirib ki, bu gün artıq bütün dünya açıq şəkildə görür – sionist rejim bölgədə sülh və sabitlik üçün ən böyük təhdidə çevrilib. O, İsraili Suriyanın ictimai infrastrukturunu məqsədli şəkildə hədəf almaqda və regionda işğal siyasətini daha da dərinləşdirməkdə ittiham edib.
"ABŞ-la yanaşı, Almaniya, Böyük Britaniya və Fransa kimi Qərb ölkələrinin hərbi və siyasi dəstəyindən faydalanan bu rejim beynəlxalq sülhə və təhlükəsizliyə görünməmiş ölçüdə təhlükə yaradır", – deyə İ.Bəqai vurğulayıb.
İran rəsmisi həmçinin bildirib ki, beynəlxalq ictimaiyyətin Qəzzadakı müharibəni dayandırmaqda aciz qalması Təl-Əvivi daha genişmiqyaslı hərbi əməliyyatlara həvəsləndirib. O, İƏT və BMT-ni İsrailin bölgədəki təxribatçı fəaliyyətlərinin və ekspansionist siyasətinin qarşısını almaq üçün dərhal və təsirli addımlar atmağa çağırıb.
İranın xarici işlər naziri Abbas Əraqçi də bu mövqeyi dəstəkləyib. O, beynəlxalq ictimaiyyəti İsrailin təcavüzkar siyasətinə qarşı birlik nümayiş etdirməyə çağıraraq, belə deyib:
"Təəssüf ki, bu vəziyyət tamamilə proqnozlaşdırılan idi. İndi sual budur: növbəti hədəf hansı paytaxt olacaq? İsrail rejiminin sərhədi yoxdur. İsrail yalnız bir dildən anlayır. Bu nəzarətsiz təcavüzə son qoymaq üçün bütün dünya, o cümlədən region ölkələri birlikdə hərəkət etməlidir."
Abbas Əraqçi İranın Suriyanın suverenliyi və ərazi bütövlüyünə tam dəstək verdiyini, eyni zamanda Suriya xalqının yanında olmağa davam edəcəyini də bildirib.