İQTİSADİYYAT
2 dəqiqə oxuma
İsrail-İran gərginliyinə görə neft və qızılın qiymətləri kəskin artdı
İsrailin İrana qarşı hava hücumlarından sonra dünya bazarlarında ciddi dalğalanmalar müşahidə olunub
İsrail-İran gərginliyinə görə neft və qızılın qiymətləri kəskin artdı
Investors focused on geopolitical risks after Israel's latest attack on Iran. / Photo: AP
20 saat əvvəl

Yaxın Şərqdə İsrailin həyata keçirdiyi hücumlar nəticəsində artan geosiyasi gərginlik ABŞ və Çin arasında davam edən ticarət danışıqlarının bazarlarda yaratdığı nikbinliyi kölgədə qoyub.

ABŞ-ın əsas ticarət tərəfdaşı olan Çinlə əldə edilən yeni razılaşma birja indekslərini müsbət təsir etsədə də, investorların diqqəti İsrailin İrana qarşı son hücumları ilə yenidən geosiyasi risklərə çevrilib.

Hücumların ardından “Brent” markalı neftdə kəskin dalğalanmalar baş verib. Təchizatla bağlı yaranan narahatlıqlar səbəbilə “Brent” neftin bir barelinin qiyməti 76,3 dollara çatıb.

Qızılın bir unsiyasının qiyməti isə iyunun 13-də (bu gün) 3.445 ABŞ dollarına qədər yüksəldikdən sonra 3.425 dollar səviyyəsində sabitləşib. Bu isə 1,1%-lik artış deməkdir.

Avropa bazarlarında indeks fyuçersləri (proqnozları) müharibə təhlükəsi fonunda mənfi olaraq başlayıb. Böyük Britaniyada “FTSE” 100 fyuçers indeksi 0,3%, Fransada “CAC” 40 və Almaniyada “DAX” 40 təxminən 1,6%, İtaliyada isə “FTSE MIB” 30 indeksi 0,7% dəyər itirib.

Asiya bazarlarında da oxşar mənzərə yaşanıb. Belə ki, Yaponiyada “Nikkei” 225 indeksi 1,2%, Cənubi Koreyada “KOSPI” 1,3%, Çində “SSE Composite” 0,7%, Honq Konqda isə “Hang Seng İndeksi” 0,8% geriləyib.

İsrailin hücumlarının yerli vaxtla səhər saat 3 radələrində başladığı bildirilir. İran mediasına əsasən, hücumlar həm hərbi, həm də nüvə obyektləri ilə yaşayış ərazilərini hədəf alıb.

İsrail Ordusunun məlumatına görə, iyunun 13-də səhər saatlarında həyata keçirilən əməliyyata ümumilikdə 200 hərbi təyyarə cəlb olunub. Ordunun sözçüsü general-mayor Effi Defrin bildirib ki, bu təyyarələr ümumilikdə 330 ədəd döyüş sursatı atıblar.

İran isə cavab olaraq son saatlarda İsrailə qarşı 100-dən artıq pilotsuz uçuş aparatı (PUA) buraxıb. Hazırda bu PUA-ların qarşısının alınması və zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

E.Defrin eyni zamanda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, İran İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami və yüksək rütbəli komandan Qülaməli Rəşidin hücum nəticəsində öldürüldüyünü təsdiqləyib.

Qeyd edək ki, tərəflərin hərbi qarşıdurma ehtimalına qarşı hazırlıq gördüyü bildirilir. İranın İsrail ərazisini hədəf alan ballistik raketləri əhatə edən əks-hücum planları üzərində işlədiyi iddia olunur.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us