Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev qüvvələri Rusiyanın demək olar ki, hər gün irəlilədiyi şərqdə əsas logistika mərkəzi olan Pokrovsk şəhəri ətrafında gərgin döyüşlərlə qarşı-qarşıya qalıb.
Zelenski hər gecə yayımladığı videomüraciətində yüksək rütbəli komandir Oleksandr Syrskinin yüksək səviyyəli rəsmilərə məlumat veərək, Pokrovskinin hazırda hərbi əməliyyatların əsas mərkəzi olduğunu təsdiqlədiyini bildirib.
"Bütün əməliyyat sahələrinə diqqət yetirilib, xüsusilə Pokrovska diqqət mərkəzində olub", -deyə Zelenski bildirib.
O, həmçinin əlavə edib ki, Ukrayna qoşunları Rusiya qüvvələrinin son vaxtlar sərhədi keçdiyi şimal Sumi bölgəsində əməliyyatları davam etdirir.
Syrski "Telegram" vasitəsilə yayımladığı açıqlamasında Pokrovsk və digər beş bölgəni 1000 kilometrlik cəbhə xətti boyunca ən çətin cəbhələr kimi təsvir edib.
“Rusiya Federasiyasına “yay hücumu” cəhdinə görə ən sərt cavab verilir", deyə o qeyd edib.
Rusiya qoşunları aylardır Pokrovska istiqamətində irəliləyir.
Bir vaxtlar təxminən 60.000 nəfərin yaşadığı şəhər əsas yol və dəmir yolu mərkəzidir və Ukraynanın polad sənayesi üçün həyati əhəmiyyət kəsb edən yeganə koks mədəninə ev sahibliyi edir.
Mülki əhalinin əksəriyyəti şəhərdən təxliyə edilib.
İyulun 24-də Rusiya Müdafiə Nazirliyi Pokrovskun qərbindəki Zvirov və onun şərqində yerləşən Novoekonomiçne şəhərlərinin tutulduğunu açıqlayıb. Bu həftənin əvvəlində isə Ukrayna hərbçiləri yaxınlıqdakı Novotoretskeni "azad etdiklərini" iddia etmişdilər.
Ukrayna ordusu hər hansı ərazi itkisini təsdiqləməyib. Baş Qərargah hesabatında bildirib ki, Rusiya qüvvələri Zvirov və Novoekonomiçne ətrafı ərazilərdə aktiv hücumu davam etdirir.
Digər tərəfdən, Ukrayna ordusunun prezident Vladimir Putinin “bufer zona” adlandırdığı ərazi yaratmağa çalışdığı Sumı bölgəsində mövqe qazandığı bildirilir.
Açıq mənbəli kəşfiyyat məlumatlarından istifadə edən hərbi bloq "DeepState" Ukrayna əsgərlərinin Kindrativka kəndini geri aldığını bildirib.
Ukrayna və ya Rusiya hakimiyyət orqanlarından hələ ki, rəsmi təsdiq yoxdur.
Gərgin danışıqlar gözlənilir
Digər tərəfdən, Rusiya gələn həftə İstanbulda Ukrayna ilə keçiriləcək danışıqların "çox çətin" olacağı barədə xəbərdarlıq edərək, üç ildən artıqdır davam edən müharibədə irəliləyiş gözləntilərini azaldıb.
Hər iki ölkənin nümayəndə heyətləri İstanbula yola düşüb və danışıqların bu gün (26 iyul) axşam saatlarında başlayacağı gözlənilir.
May və iyun aylarında aparılan əvvəlki danışıqlar yalnız əsirlərin mübadiləsi və əsgərlərin cəsədlərinin qaytarılması ilə nəticələndi.
"Danışıqlar çox çətin olacaq" deyən Kremlin sözçüsü Dmitri Peskov, heç kimin asan proses gözləmədiyini vurğulayıb.