Çində leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 30 nəfər həyatını itirib. Rəsmi “Şinxua” xəbər agentliyinin məlumatına görə, daşqınlar əsasən Pekin və ətraf bölgələrdə qeydə alınıb.
İyulun 28-də Pekin və ətraf əyalətlərdə yağan güclü yağışlar ciddi daşqınlara səbəb olub. Ölüm hallarının əksəriyyəti şəhərin şimalındakı dağlıq ərazilərdə qeydə alınıb. Agentliyin məlumatına görə, 28 nəfər Miyun, 2 nəfər isə Yanqinq bölgəsində həyatını itirib.
“Şinxua” bildirir ki, daşqınlar səbəbindən təhlükəsizlik tədbirləri çərçivəsində Pekindən 80 min 322 nəfər təxliyə olunub.
Çin prezidenti Si Cinpin itkilərin minimuma endirilməsi və xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı göstəriş verib.
Dövlət başçısı bildirib ki, daşqınlar təkcə Pekində deyil, həmçinin Hebey, Jilin və Şandunq əyalətlərində də insan tələfatı və böyük maddi ziyanla nəticələnib.