Amerikalı məşhur güləşçi və kino aktyoru Hulk Hoqan 71 yaşında ürək tutmasından vəfat edib.
Bu barədə polis Hoqanın xəstəxanada dünyasını dəyişdiyini “Facebook” vasitəsilə etdiyi paylaşımda bildirib.
Florida ştatındakı evində ürək tutması keçirən Hulk Hoqan həkimlərin bütün səylərinə baxmayaraq xilas edilə bilməyib. Onun ölümü idman və əyləncə dünyasında böyük bir itki olaraq qəbul edilir.
Əsl adı Terri Bollea olan Hoqan WWE-nin uzun tarixinin ən böyük ulduzlarından biri hesab olunurdu.
1985-ci ildə ilk “WrestleMania”nın baş qəhrəmanı Hulk Hoqan illərdir "World Wrestling Entertainment" (WWE) adlı əyləncə quruluşunun daimi sima olmuşdur. O, Andre və Randy Savagedən tutmuş Te Rok və hətta şirkətin sədri Vinse MykMahona qədər çox sayda insanla rinqdə qarşılaşıb.
Karyerası boyunca ən azı altı WWE çempionluğu qazanan Hoqan 2005-ci ildə WWE şərəf siyahısına daxil edilib.
Güləş dünyasından kənar bir ulduz olan Hoqan çoxsaylı filmlərdə və televiziya proqramlarında iştirak edib. O, VH1 telekanalında yayımlanan və həyatını mövzu götürən "Hogan Knows Best" adlı televiziya proqramı ilə geniş auditoriyaya çatıb.
"X" vasitəsilə edilən paylaşımda WWE "Hall of Fame" üzvü əfsanəvi güləşçinin vəfatından dərin kədər duyduqlarını bildirib.
Paylaşımda deyilir: "Popülər mədəniyyətin ən tanınan simalarından biri olan Hoqan 1980-ci illərdə WWE-nin qlobal tanınmasına mühüm töhfələr verdi. WWE Hoqanın ailəsinə, dostlarına və pərəstişkarlarına başsağlığı diləyir".