İranın xarici işlər naziri Abbas Əraqçi nüvə obyektlərinə ciddi ziyan dəydiyini təsdiqləyib, lakin uranın zənginləşdirilməsinin milli qürur məsələsi olduğunu vurğulayıb. Tramp isə ABŞ-ın “lazım gələrsə” yenidən zərbə endirəcəyini bildirib.
İranın xarici işlər naziri bəyan edib ki, ABŞ-ın son hava hücumlarının vurduğu ciddi ziyana baxmayaraq, Tehran nüvə proqramından imtina etməyəcək. O, uranın zənginləşdirilməsinin milli qürur məsələsi olduğunu vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi “Fox News” telekanalına müsahibəsində “Zənginləşdirmə hələlik dayanıb, çünki bəli, zərər ciddi və ağırdır. Amma açıq-aşkar demək lazımdırsa, zənginləşdirmədən imtina edə bilmərik, çünki bu, öz alimlərimizin nailiyyətidir" deyib.
Əraqçi əlavə edib ki, gələcəkdəki hər hansı nüvə sazişi İranın zənginləşdirmə hüququnu da əhatə etməlidir.
Qeyd edək ki, Əraqçinin bəyanatları ABŞ-ın iyunun 22-də yeraltı Fordo obyekti də daxil olmaqla üç nüvə obyektini hədəf alan hava hücumlarından həftələr sonraya təsadüf edib. Hücumlar İsrailin İranla 12 günlük müharibəsinə cavab olaraq həyata keçirilib.
Obyektlərə "ağır ziyan dəydiyini" etiraf edən XİN rəhbəri İranın nüvə təcrübəsinin toxunulmaz olaraq qaldığını vurğulayıb. "Texnologiya buradadır. Nüvə proqramımız, zənginləşdirmə proqramımız xaricdən gətirilən bir şey deyil və bombardmanlarla məhv edilə biləcək bir şey deyil" -deyə nazir qeyd edib.
"Lazım olduqda" daha çox hücum
ABŞ prezidenti Donald Tramp "Truth Social" platformasında Əraqçinin açıqlamalarına "Daha əvvəl də dediyim kimi, lazım gələrsə, yenə hücum edəcəyik!" paylaşımını edib.
Sonrakı paylaşımında Tramp ABŞ kəşfiyyatının hesabatlarına əsaslanaraq, hücumların İranın nüvə proqramını cəmi bir neçə ay gecikdirə biləcəyini irəli sürdüyü üçün CNN-i tənqid edib. Prezident telekanal rəhbərliyini müxbiri işdən çıxarmağa çağırıb.
Əraqçi həmçinin təsdiqləyib ki, İranın Atom Enerjisi Təşkilatı hələ də nüvə materialı və obyektlərinə dəyən zərərin miqyasını qiymətləndirir. Bununla belə, o, zənginləşdirilmiş uranın saxlanılıb-saxlanmadığını dəqiqləşdirməyib.
Əraqçi bu uğursuzluğa baxmayaraq, İranın danışıqlara açıq olduğunu, lakin hazırda ABŞ-la birbaşa danışıqlara qapalı olduğunu bildirib.
"Biz İranın nüvə proqramının dinc xarakter daşıdığını sübut etmək üçün bütün lazımi etimad yaradan addımları atmağa hazırıq", - deyən Əraqçi bunun müqabilində ABŞ sanksiyalarının ləğvini tələb edib.
Əraqçi İranın raket inkişaf etdirməyə və istehsal etməyə davam edəcəyini təsdiqləyərək, İsrailin son toqquşmalarda İranın raket infrastrukturunu hədəf almasına baxmayaraq, "özümüzü müdafiə etmək üçün hələ də əhəmiyyətli sayda raketlərimiz var" deyib.
İran və Avropa ölkələri - Almaniya, Fransa və Böyük Britaniya arasında yeni nüvə danışıqlarının iyulun 25-də İstanbulda keçirilməsi planlaşdırılır.
ABŞ və İran daha əvvəl Omanın vasitəçiliyi ilə danışıqlar aparıb, lakin bu proses İsrailin 13 iyunda təxribat xarakterli hücumundan sonra yarımçıq qalıb. Lakin ABŞ bir neçə gün sonra İranın nüvə obyektlərinə hücumları ilə münaqişəyə daxil olub.