Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı bildirib ki, yanğınsöndürənlər yanğınların qeydə alındığı bölgələrdə fəaliyyətlərini davam etdirirlər. Onun sözlərinə görə, son 24 saat ərzində baş vermiş 55 meşə yanğını nəzarət altına alınıb.
İyulun 29-da jurnalistlərə açıqlama verən nazir son yanğının Bursa vilayətinin Harmancık bölgəsində qeydə alındığını deyib.
“Yanğını tam nəzarət altına almaq üçün 5 təyyarə, 30 helikopter və 855 yerüstü texnika ilə əməliyyatlarımız davam edir,” – deyə İbrahim Yumaklı vurğulayıb.
Nazir qeyd edib ki, səhər saatlarında duman və tüstü, günortadan sonra isə güclü külək hava texnikalarının müdaxiləsini çətinləşdirib:
“Bu şərait yanğını nəzarət altına almağımız üçün lazım olan vaxtı uzatdı. Lakin hava şəraiti yaxşılaşan kimi havadan müdaxilə gücləndirildi. Hazırda yerli qruplar gecə-gündüz fasiləsiz çalışırlar.”
Yumaklı Bursadakı yanğınsöndürmə əməliyyatlarının uğurla davam etdiyini və yaxın saatlarda bölgə ilə bağlı müsbət xəbərlər verəcəklərinə ümid etdiklərini qeyd edib.
O, meşə yanğınları riskinin hələ də davam etdiyini vurğulayaraq vətəndaşları diqqətli olmağa və ən kiçik yanğın əlaməti müşahidə edildikdə dərhal müvafiq qurumlara məlumat verməyə çağırıb.
“2025-ci ilin oktyabr ayına qədər meşə yanğınları baxımından həyəcan vəziyyətindəyik,” – deyə nazir bildirib.