“İsrailin zərbələrindən sonra İranın Natanzdakı nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib”. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının iclasında İran ətrafında yaranmış vəziyyətlə bağlı çıxışı zamanı deyib.
İranın Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə radiasiyadan qorunma tədbirləri ilə idarə oluna bilər.
MAQATE nüvə obyektlərinin tam mühafizəsini və dinc məqsədlər üçün istifadəni davam etdirmək üçün İrana ekspertlər göndərməyə hazırdır. Agentlik rəhbəri qeyd edib ki, nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir.
Qrossi vəziyyəti qiymətləndirmək və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər tez İrana səfər etməyə hazır olduğunu bildirib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İrandakı mövcud vəziyyətə dair bəyanat yayıb. Qurumun rəhbəri Rafael Qrossi bəyanatda prosesin bu cür inkişafının narahatlıq doğurduğunu ifadə edib.
Qeyd edilib ki, hazırda İranın nüvə təhlükəsizliyi üzrə məsul orqanları ilə əlaqəli şəkildə müvafiq nüvə obyektlərinin vəziyyəti müəyyənləşdirilir, eləcə də nüvə təhlükəsizliyinə mümkün təsirlər qiymətləndirilir.
Bəyanatda bildirilir ki, hazırda İranın səlahiyyətli orqanları Natanz zənginləşdirmə obyektinin zərər gördüyünü və radiasiya səviyyəsinin artmadığını təsdiqləyiblər. Eyni zamanda bildirilib ki, hazırda İsfahan və Fordo obyektlərinə ziyan dəyməyib.
R.Qrossi nüvə obyektlərinə hücumlardan narahatlığını da qeyd edib: “Mən dəfələrlə bəyan etmişəm ki, kontekst və ya şəraitdən asılı olmayaraq nüvə obyektlərinə hücum edilməməlidir, çünki bu, həm insanlara, həm də ətraf mühitə zərər verə bilər. Belə hücumlar nüvə təhlükəsizliyi, mühafizə tədbirləri, eləcə də beynəlxalq və regional sülh və təhlükəsizlik baxımından ciddi nəticələrə səbəb ola bilər“.
R.Qrossi tərəfləri gərginliyin daha da artmasının qarşısını almaq üçün maksimum təmkin nümayiş etdirməyə çağırıb. Qeyd edilib ki, AEBA vəziyyəti yaxından izləməyə davam edir, texniki yardım göstərməyə hazırdır və istənilən şəraitdə nüvə təhlükəsizliyi, mühafizəsi və təminat tədbirləri ilə bağlı mandatına sadiq qalır.
Yekunda bildirilib ki, tələb olduğu halda, agentlik öz ekspertlərinin bölgəyə ezam etməyə hazırdır. Eyni zamanda, beynəlxalq qurum eskalasiyanın qarşısını almaq üçün etibarlı platforma kimi öz imkanlarını tərəflərə təqdim edir.