İnsan hüquqları təşkilatlarının məlumatına görə, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində bir gecədə keçirdiyi reydlər zamanı aralarında uşaqlar və keçmiş məhbusların da olduğu azı 35 fələstinlini oğurlayıb.
İyulun 15-də Fələstin Məhbuslar Dərnəyi və Fələstin Məhbuslar və Keçmiş Məhbusların İşləri Komissiyasının yaydığı birgə bəyanata görə, oğurlama hadisələri Nablus, Salfit, Qalqilya, Cenin, Tulkarem, Hebron və Bethlehem şəhərlərində baş verib.
Fələstin mənbələrinə görə, İsrail qüvvələri 2023-cü ilin oktyabr ayından bəri işğal altındakı İordan çayının qərb sahilində 18 mindən çox fələstinlini oğurlayıb. Bu rəqəmə eyni dövrdə Qəzzada saxlanılan minlərlə insan daxil deyil.
İnsan hüquqları təşkilatları hazırda İsrail həbsxanalarında təxminən 10.800 fələstinlinin olduğunu iddia edirlər. Bunlara 50 qadın, 450 uşaq və İsrailin geniş şəkildə tənqid edilən “inzibati həbs” siyasəti altında heç bir ittiham və ya mühakimə olunmadan saxlanılan 3629 nəfər daxildir.
Bundan başqa, iyulun 15-də İsrail əsgərləri Hebronun Əl-Fahs sənaye zonasında fabrikə basqın zamanı 12 fələstinlini yaralayıb, ikisini isə oğurlayıb.
Fələstin Qızıl Aypara Cəmiyyəti tibb qruplarının İsrail əsgərləri tərəfindən döyülən yaralı işçiləri müalicə edərək xəstəxanaya apardığını bildirib.
Şahidlərin sözlərinə görə, basqın zamanı əsgərlər işçilərə hücum edib, iki nəfəri oğurlayıb, daha sonra ərazidən geri çəkiliblər.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrında İsrailin Qəzzada soyqırımına başlamasından bu yana İsrail qüvvələri və işğal altındakı İordan çayının qərb sahilində qanunsuz məskunlaşanlar tərəfindən ən azı 998 fələstinli həlak olub, 7000-dən çox fələstinli yaralanıb.
Ötən iyul ayında Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Fələstin ərazilərini işğalını qeyri-qanuni elan edərək, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdəki bütün qeyri-qanuni yaşayış məntəqələrinin boşaldılmasınə çağırıb.