ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack Parisdə Suriya və İsrail rəsmiləri arasında keçirilən görüşün Suriyanın cənubunda baş verən son zorakılıqlardan sonra dialoq və gərginliyin azaldılması istiqamətində irəliləyişə səbəb olduğunu bildirib.
T.Barrak “X” platformasından etdiyi paylaşımda “Bu axşam Parisdə suriyalılar və israillilərlə görüşdüm. Məqsədimiz dialoq və gərginliyin azaldılması idi və biz bunu dəqiq şəkildə həyata keçirdik. Bütün tərəflər bu səyləri davam etdirmək öhdəliklərini bir daha təsdiqlədilər” deyib.
Hələlik nə Suriya, nə də İsrail tərəfdən rəsmi təsdiq gəlməyib. Lakin media məlumatlarına görə, İsrailin Strateji İşlər üzrə naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybaninin danışıqlarda iştirak edəcəklərinin gözlənildiyi bildirilib.
Süveyda bölgəsində ölümcül qarşıdurmalar
ABŞ Dövlət Departamentinin müavini sözçüsü Tommy Pigott mətbuat brifinqində Barrack və dövlət katibi Marko Rubionun Paris görüşündən əvvəl bir neçə gün ərzində hər iki tərəflə əlaqədə saxladıqlarını təsdiqləyib.
O, “Suriya kritik bir mərhələdədir və Suriya hökumətindən bu addımlara rəhbərlik etməsini gözləyirik” deyib.
Qeyd edək ki, Suriya və İsrail arasında gərginlik iyulun 13-dən bəri artıb. Həmin vaxt Süveyda bölgəsində Bədəvi ərəb tayfaları ilə Druz qrupları arasında toqquşmalar baş verib.
Zorakılıq sürətlə artaraq İsrailin Suriya hərbi obyektlərinə və infrastrukturuna, o cümlədən Dəməşqdə hava zərbələri endirməsinə səbəb olub. İsrail bu hücumların druz icmalarını qorumaq məqsədi daşıdığını iddia etsə də, Suriyadakı druzların liderləri xarici müdaxiləni açıq şəkildə rədd ediblər.
Tərəflər arasında iyulun 19-da atəşkəs əldə edilib.