Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında çıxış edərək İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı kəskin şəkildə pisləyib.
Nazir qeyd edib ki, müharibə nəticəsində Fələstin əraziləri “toplama düşərgəsinə” çevrilib və İsrail mütəmadi olaraq mülki insanları hədəf alır. Hakan Fidan Qəzzada 2 milyondan çox insanın ağlasığmaz əzablar içində yaşadığını, bölgədə kütləvi yerdəyişmələrin, genişmiqyaslı dağıntıların baş verdiyini və humanitar yardımın məqsədli şəkildə əngəlləndiyini vurğulayıb.
Kütləvi yerdəyişmələrə, geniş dağıntılara və humanitar yardımın qarşısının alınmasına diqqət çəkən Hakan Fidan sözlərinə belə davam edib:
"Yardım məntəqələrində su və qida əldə etməyə çalışan mülki şəxslər heç bir fərq qoyulmadan hədəf alınaraq öldürülür. Aclıq, müharibə silahına çevrilib."
Nazir İsraili beynəlxalq humanitar hüququn əsas prinsiplərini pozmaqda ittiham edib.
"İstər ailəsinə su gətirməyə çalışan bir uşaq, istərsə də övladları üçün yemək axtaran bir ana – fərq etmir. İsrailin döyüş maşını hər ikisini hədəf alır",-deyə Türkiyənin XİN rəhbəri qeyd edib.
Hakan Fidan Qəzzada yaşanan humanitar böhranın artıq qlobal mənəvi iradə üçün sınağa çevrildiyini ifadә edәrәk deyib:"Bəziləri bu vəziyyətə göz yummağı seçir. Amma bu belə davam edə bilməz."
Nazir bildirib ki, humanitar yardımın effektiv və qərəzsiz şəkildə çatdırılmasını yalnız BMT təmin edə bilər.
Hakan Fidan İsrailin hərbi kampaniyasının bölgədə genişmiqyaslı qarşıdurma riski yaratdığına dair də xəbərdarlıq edib.
"İsrail yalnız Fələstində deyil, eyni zamanda Livan, Suriya və İranda da işğalçı strategiyasını reallaşdırmağa çalışır. Onun Suriyaya qarşı hücumları isə bu ölkədə böyük çətinliklə əldə olunan kövrək sabitliyi təhlükə altına alır",-deyә Hakan Fidan vurğulayıb.
Nazir beynəlxalq ictimaiyyəti bölgədə gərginliyin daha da artmasının və Suriyanın yenidən xaosa sürüklənməsinin qarşısını almağa çağırıb. O, həmçinin Türkiyənin Fələstin Dövlətinin tam şəkildə tanınması və BMT-yə üzvlüyünə dəstəyini bir daha ifadə edib: "Bu addım Yaxın Şərqdə davamlı sülh üçün həlledici əhəmiyyət daşıyır."
Nazir çıxışını bu sözlərlə yekunlaşdırıb:
"Bir həqiqət ortadadır: Qəzzadakı böhran artıq sadəcə humanitar fövqəladə vəziyyət deyil – bu, bütün bəşəriyyətin əsas dəyərlərini sarsıdan bir sınağa çevrilmişdir."